YUNESKO-nun yeni baş direktoru məlum oldu

3

Fransanın keçmiş mədəniyyət naziri Odri Azule YUNESKO-nun baş direktoru təyin olunub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, o, təşkilatın İdarə Heyətinin üzvlərinin 58-dən 30-nun səsini qazanıb.

Qeyd olunur ki, Azule bu posta təyinat üçün azı 30 səs toplamalı imiş.

Səsvermənin sonuncu turunda vəzifəyə həmçinin Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kəvari də namizədliyini irəli sürsə də, o, 28 səs toplayıb.

Xatırladaq ki, YUNESKO-nun yeni rəhbəri postuna 6 ölkənin nümayəndəsi- Vyetnamın YUNESKO üzrə Milli Komissiyasının rəhbəri Suan Şon Fam, Misirin ailə və məişət məsələləri üzrə keçmiş naziri Muşir Həttab, Qətərdən olan diplomat Həmad bin Əbdüləziz Əl-Kavari, YUNESKO-nun Çin üzrə təmsilçisi Tsyan Tan, Livanın mədəniyyət nazirinin müşaviri Vera Əl-Huri Lakey və Fransanın keçmiş mədəniyyət naziri Odri Azule namizəd idi.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürmüşdü.
P. Bülbüloğlu ilə birlikdə Qvatemala (Xuan Alfonso Fuentes soria) və İraqdan (Saleh Əl Hasnavi) olan namizədlər də geri çəkilmişdilər.