Milli Məclisdə (MM) bir aya yaxın müddət ərzində davam edən büdcə müzakirələri artıq başa çatır.

Oxu.Az xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin sonuncu – üçüncü oxunuşda müzakirələrinə parlamentin sabah (noyabrın 30-da) keçiriləcək  növbəti plenar iclasında yekun vurulacaq.

Büdcə zərfinə daxil olan qanun layihələri geniş müzakirələr açılmadan üçüncü  oxunuşda və bütövlükdə səsverməyə çıxarılaraq qəbul ediləcək və imzalanması, hüquqi qüvvəyə minməsi üçün ölkə prezidenti İlham Əliyevə göndəriləcək.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin xərcləri ilkin olaraq 24 milyard 780 milyon manat nəzərdə tutulsa da, deputatların təkliflərindən və iradlarından  sonra ikinci oxunuşda daha 610 milyon manat artırılıb.

Həmçinin, yaşayış minimumunun həddi 173 manatdan 180 manata, ehtiyac meyarının həddi isə 130 manatdan 143 manata qaldırılıb.

Eyni zamanda, DSMF-nin büdcə xərcləri və gəlirləri eyni həcmdə, 3 milyard manat həcmində müəyyənləşdirilib və dəyişməz qalıb.