Simvol foto © pixabay.com
Simvol foto © pixabay.com

 

Fərhad Çağtürk / AzEuroNews.com Dünyada işsiz insanların sayı açıqlanıb. AzEuroNews.com xəbər verir ki, Beynəlxalq İş Təşkilatının hesablamalarına görə, hazırda dünyada 200 milyon insan işsizdir. 

Təşkilatın yaydığı hesabatda vurğulanır ki, bununla yanaşı yoxsulluq dünyadakı 700 milyon insana təsir edir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək nəzərdə tutulur. Bu prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda öz əksini tapıb.

2017-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5 faiz; qadınlar arasında – 5,9 faiz; 15-24 yaşlı gənclər arasında –12,9 faiz; 15-29 yaşlı gənclər arasında isə 9,2 faiz təşkil edib.

Bundan başqa, Azərbaycanda iqtisadiyyatda rəsmi işləyənlərin qeyri-kənd təsərrüfatı sahəsində ümumi məşğul əhaliyə nisbətini 2030-cu ilədək 80 faizə çatdırmaq nəzərdə tutulur.

2017-ci ildə qeyri-kənd təsərrüfatı sahəsində muzdla işləyənlərin nisbəti 48,1 faiz olub.

Əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15 faizə endirmək (2017-ci ildə 23 faiz), 2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq planlaşdırılır.

2017-ci ildə minimum əməkhaqqının muzdla çalışan işçilərin orta aylıq əməkhaqqına nisbəti 22 faiz, minimum əməkhaqqının yaşayış minimumuna nisbəti isə 75 faiz təşkil edib.

Bundan başqa, 2030-cu ilədək dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların işədüzəlmə səviyyəsi 70 faizə çatdırılacaq. Həmçinin regional peşə tədrisi mərkəzlərinin sayı 10-a çatdırılacaq.