Fərhad Çağtürk / AzEuroNews.com Danimarka hökuməti sığınacaq vermədiyi qaçqınları adada tikəcəyi deport mərkəzində toplayacaq. AzEuroNews.com xəbər verir ki, 7 hektar əraziyə sahib Lindholm adasında qaçınlar üçün “Geri göndərmə mərkəzi“nin tikintisinə başlanılıb. 

Burada toplanacaq olan qaçqınlar daha sonra öz ölkələrinə deportasiya ediləcəklər. 

Danimarka hökumətini təşkil edən siyasi partiyalar və hökuməti dəstəkləyən sağcı radikal Danimarka Xalq Partiyası (DF) 2019-cu ilin büdcəsini müzakirə edərkən qaçqın və miqrantların qəbuluna limit qoyulmasının vacibliyindən danışıblar. 

Maliyyə naziri Kristina Jensen açıqlamasında bildirib ki, sığınacaq tələbi rədd edilən, adı müxətlif cinayətlərdə hallanan və məhkəmə qərarı ilə barəsində deportasiya qərarı çıxarılan qaçqın və miqrantlar Vordinqborq bələdiyyəsinə məxsus Lindholm atasında tikilən “Geri göndərmə mərkəzi“ndə toplanacaqlar. 

2021-ci ildə hazır olacaq mərkəzə qaçqın və miqrantlar xüsusi qayıqla gətiriləcəklər. 

Bu barədə media vasitəsi ilə xəbər tutan Vordinqonq bələdiyyəsinin sədir Mixael Smed bunun heç də yaxşı fikir olmadığını söyləyib. 

Danimarka hökumətindən verilən açıqlamaya görə, yeni büdcədə bir qisim qaçqın və miqrantın ailə birləşməsi müraciətinə baxılacağı da vurğulanıb. 

Qeyd edək ki, Miqrasiya və İnteqrasiya Siyasəti İndeksində (MİPEX) ailə birləşməsinə görə, Danimarka Avropada 38 ölkə arasında sondan üçünücü yerdə qərarlaşıb. 

Danimarka Miqrasiya və İnteqrasiya Nazirliyinin yaydığı statistikaya görə, 2010-cu ildən bəri təxminən 5179 qaçqının ailə birləşməsi tələbi rədd edilib.