Bu gün “France Football” jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən “Qızıl top” mükafatının sahibi müəyyənləşəcək.

“Report” xəbər verir ki, mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

“Qızıl top”a 30 futbolçu namizəd göstərilib. Onlardan hərəyə 4-ü qapıçı və müdafiəçilər, 7-si yarımmüdafiəçilər, 15-i isə hücumçulardır. Əsas namizəd isə Xorvatiya millisinin və İspaniya “Real Madrid”inin futbolçusu Luka Modriçdir. O, 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub.

Qapıçılar: Alison Bekker (“Liverpul” İngiltərə, Braziliya), Tibo Kurtua (“Real Madrid” İspaniya, Belçika), Uqo Lyoris (“Tottenhem” İngiltərə, Fransa), Yan Oblak (“Atletiko” İspaniya, Sloveniya)

Müdafiəçilər: Diyeqo Qodin (“Atletiko” İspaniya, Uruqvay), Marselo (“Real Madrid” İspaniya, Braziliya), Serxio Ramos (“Real Madrid”, İspaniya), Rafael Varan (“Real Madrid” İspaniya, Fransa)

Yarımmüdafiəçilər: Kevin de Brüyne (“Mançester Siti” İngiltərə, Belçika), İsko (“Real Madrid”, İspaniya), NQolo Kante (“Çelsi” İngiltərə, Fransa), Luka Modriç (“Real Madrid” İspaniya, Xorvatiya), Pol Poqba (“Mançester Yunayted” İngiltərə, Fransa), İvan Rakitiç (“Barselona” İspaniya, Xorvatiya), Məhəmməd Salah (“Liverpul” İngiltərə, Misir)

Hücumçular: Serxio Aqüero (“Mançester Siti” İngiltərə, Argentina), Qaret Beyl (“Real Madrid” İspaniya, Uels), Kərim Benzema (“Real Madrid” İspaniya, Fransa), Edinson Kavani (PSJ Fransa, Uruqvay), Kriştianu Ronaldu (“Yuventus” İtaliya, Portuqaliya), Roberto Firmino (“Liverpul” İngiltərə, Braziliya), Antuan Qrizmann (“Atletiko” İspaniya, Fransa), Eden Azar (“Çelsi” İngiltərə, Belçika), Harri Keyn (“Tottenhem”, İngiltərə), Mario Mancukiç (“Yuventus” İtaliya, Xorvatiya), Sadio Mane (“Liverpul” İngiltərə, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“Barselona” İspaniya, Argentina), Neymar (PSJ Fransa, Braziliya), Luis Suares (“Barselona” İspaniya, Uruqvay)

Tədbirdə həmçinin ilk dəfə olaraq, ilin ən yaxşı qadın futbolçusuna da “Qızıl top” mükafatı təqdim olunacaq. Parisdəki mərasimdə ilin ən yaxşı gənc futbolçusu da müəyyənləşəcək.

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibi dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində bəlli olur. Mükafatın hazırkı sahibi yayda İspaniya “Real Madrid”indən İtaliyanın “Yuventus” klubuna keçən portuqaliyalı futbolçu Kriştianu Ronaldudur. Ən çox qazanan oyunçular siyahısında da Ronaldu İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi ilə birlikdə zirvədə qərarlaşıb. Onlar hərəyə 5 dəfə bu mükafata sahib olublar.