Simvol foto © Evgenya Savchenko / pixabay.com
Simvol foto © Evgenya Savchenko / pixabay.com

 

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın paytaxtı Berlində məcburi nikaha qarşı mübarizə üçün işçi qrupu fəaliyyət göstərir. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. İşçi qrupun məlumatına görə, keçən il paytaxtda tərəflərdən birinin və ya hər ikisinin razılığı olmadan 570 nikah bağlamağa cəhd ediblər. Məcburi nikah daha çox müsəlman qadınların zorla ərə verilməsi ilə bağlıdır. Lakin belə hallar digər dinlərin nümayəndələri arasında da baş verir. Qeyd etmək lazımdır ki, məcbur edilənlərin yarısı – 283 nəfəri məcburi nikahdan qaça bilib. Məcburi nikaha cəlb olunanların 93%-i qadınlardır ki, onlardan da 83%-ni müsəlmanlar təşkil edir. Qalan 17%  məcburi nikah bağlayanlar digər dinlərin (xristian, yəhudi, yezidi) nümayəndələrinin payına düşür. 5 il ərzində Berlində belə halların sayı 19 % artıb.

İşci qrupunun ekspertləri hesab edirlər ki, məcburi nikah bağlayanların həqiqi sayı statistikada göstərilənlərdən dəfələrlə çoxdur. Çünki zərər çəkənlərin heç də hamısı yardım üçün müraciət etmir. Bəzi göstəricilərə görə  Berlində məcburi nikahların sayı on dəfə çox – ildə 6 minə qədər ola bilər.

Paytaxtda 2001-ci ildən bəri çalışan isçi qrupun ekspertləri indiyə kimi məcburi nikahların sayının çoxalmasının bir tərəfdən daha çox insanın yardım üçün müraciət etməsi ilə bağlı olduğunu qeyd etsələr də, digər tərəfdən Berlində adət-ənənələrinə görə məcburi nikaha daha səbrlə yanaşan miqrantların sayının artması ilə əlaqələndirirlər.

Cinslərin bərabər hüququ və qadınlara yardım məsələləri ilə bağlı Fridrixshayn-Kroytsberqin müvəkkili Petri Koxknebel yerli hökumət nümayəndələrini məcburi nikahın genişlənməsinə qarşı mübarizədə aktiv fəaliyyət göstərməyə çağırıb.