Salome Zurabişvili Gürcüstanın Avroatlantikaya inteqrasiya məsələsində ən aktiv prezident olmaq niyyətindədir. Bu haqda o BBC-nin Rusiya xidmətinə intervyu verərkən qeyd edib.

28 noyabrda Gürcüstanda prezident seçkilərinin 2-ci turu keçirilib. Gürcüstanın MSK-nın məlumatına görə hakim partiya olan “Gürcüstanın arzusu”nun  dəstəklədiyi Zurabişvili 59.52% səs toplayıb. Onun rəqibi “Vahid milli hərəkat” partiyasının üzvü Qriqol Vaşadzenin “Güc birlikdədir” müxalifət birliyinin təmsilçisi isə 40.48% səs toplayıb.

Gürcüstanın 5-ci prezidentinin andiçmə mərasimindən dərhal sonra konstitusiyada düzəlişlər qüvvəyə minəcək. Düzəlişə görə ölkə başçısının səlahiyyətləri məhdudlaşır. Prezident ölkə başçısı və baş komandan olmasına baxmayaraq bütün qərarları hökumətlə qarşılıqlı razılıq əsasında qəbul etməlidir.

Zurabişvili prezident kimi 2 istiqamətdə fəal işləyəcəyini bildirib. Onlardan biri beynəlxalq siyasətdir. “Bu 6 il, Avropa Birliyinə və NATO-ya inteqrasiyaya doğru hərəkət edən Gürcüstan üçün çox vacibdir. Bu zaman ərzində biz ya bu məqsədimizə maksimum yaxın olmalıyıq ya da tamamilə inteqrasiya etməliyik. Bu məsələdə mən ən fəal prezident olacağam.” – deyə Zurabişvili qeyd etmişdir ki, onun məqsədi Latviya prezidenti Vakiya Vikefreyberq kimi ölkəsini Avropa birliyinə aparmaqdır.

Zurabişvilinin özü üçün müəyyənləşdirdiyi digər istiqamət isə Gürcüstanı beynəlxalq arenada tanıtmaqdır. “Gürcüstanı dünya xəritəsində bir çox aspektdən əsasən də mədəniyyət sahəsində gözə çarpan etmək lazımdır. Çünki bir çox ölkələrdə insanlar bunu bilmirlər. Onlar onu xəritədə hər hansı bir yer kimi bilirlər, əslində bizim haqqımızda heç məlumatları yoxdur.” – deyə qeyd etmişdir.

2-ci tur qalibi olan namizədin sözünə görə ölkə daxilində də xeyli iş var. Onun başlanğıc prioriteti gürcü cəmiyyətini birləşdirərək Avropaya yaxınlaşdırmaqdır. “Mən Avropada böyümüşəm. 30 ildən artıq fransız diplomatı işləmişəm. Mən Avropa cəmiyyətinin necə olduğunu, bizim necə ona yaxınlaşmağımızı, xalqı necə birləşdirəcəyimizi bilirəm. Biz Gürcüstanın azadlığının axırıncı 25 ili ərzində mövcud olan post-sovet düşüncəsi çərçivəsindən çıxmalıyıq. Biz xalqı birləşdirmək üçün hərəkətə keçməliyik, ona görə ki, əgər ölkə daxilində birlik olmasa Rusiyanın ələ keçirdiyi torpaqları geri ala bilmərik.” – deyə Zurabişvili qeyd etmişdir.

Gürcüstanın konstitusiyasında ediləcək yeni dəyişikliklərə əsasən prezident cəza çəkənlərin əhv edilməsi hüququnu, referendumların keçirilməsini, parlamentdə qəbul edilən qanun layihələrinə veto tətbiqi hüququnu öz üzərində saxlayır.

Gürcüstan prezidentinin andiçmə mərasimi 16 dekabrda baş tutacaq. O gün əvvəlki dövlət başçısı Georqiy Marqvelaşvilinin işinə rəsmi şəkildə xitam veriləcək.