Arif Əsgərov
Arif Əsgərov

AzEuroNews.com /Bakı   Sabiq nəqliyyat naziri müavini, “Azərbaycan Dəmir Yolları” QSC sədri olmuş Arif Əsgərov “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova ilə qohum imiş. Bu barədə AzEuroNews.com-a verilən xəbərdə bildirilir.

Son günlər baldızı oğlu Rahib Hüseynovun yoxa çıxması, sonra məhkəməyə gələrək təslim olması, həbs edilməsi ilə gündəmdə qalan və ailəsinin ittihamları ilə üzləşən A.Əsgərovun qohumu M.Qəhrəmanova ondan geri qalmır.
Bir vaxtlar adı fırıldaqda, tibb müəssisəsindəki neqativ hallarda keçən, müxtəlif yanlış diaqnozlarla gündəmə gələn “Nərgiz” klinikasının rəhbəri Məlahət Qəhrəmanova A.Əsgərovla qohumluğu ilə yenidən diqqət mərkəzinə gəlib.
Adı 48 milyonluq mənimsəmədə və məhkəmədə keçən A.Əsgərovun özü kimi, qohumu olduğu iddia edilən M.Qəhrəmanovanın klinikası da etimadı itirib.
Artıq pasientlər bu tibb mərkəzinə üstünlük vermirlər və internetdə kiçik axtarış kifayət edir ki, “Nərgiz” klinikasında nələr baş verdiyini anlayasan, bura etibar etməyəsən.
Sitat: “Qardaşım qızının dörd yaşına qədər danışmamağı bizi çox narahat edirdi. Getmədiyimiz həkim qalmamışdı. Bir gün televiziyada “Nərgiz” klinikasına Türkiyədən bu sahə üzrə bir həkim gələcəyini eşitdik.
Xəbəri eşidən kimi xəstəxanaya getdik. Həkim bir neçə dərman yazdı və əmin elədi ki, uşaq sağalacaq. Amma “Vitalin” adlı dərmanı içəndən sonra uşaqda böyük dəyişikliklər oldu.
Həmin vaxta qədər bütün günü hərəkətsiz qalan uşaq, bir yerdə durmurdu.
Bu da bizi narahat etdi, axı birdən-birə uşağa nə ola bilərdi? Qardaşım həkimin yazdığı dərmanların hamısını araşdırdı.
Məlum oldu ki, “Vitalin” adlı dərman dünyada qadağan olunub, çünki bu, uşaqlarda narkotik asılılığı yaradır. Bu zamana qədər isə neçə uşaq bu dərmandan dünyasını dəyişib, müxtəlif problemlər yaranıb”.
Bunu publika.az-a Gülər Abdullayeva demişdi. Bunu biləndən sonra xəstəxanaya və Səhiyyə Nazirliyinə müraciət ediblər.
Xəstəxana ödənişi geri qaytarmaq istəyib, amma razı olmayıblar, başqa uşaqların zərər görməməsi üçün həkimin gəlişinə qadağa qoyulmasını tələb ediblər.
2013-cü ilin noyabrın ortalarında “Nərgiz” Tibb Mərkəzinin fəaliyyəti dayandırılmışdı. Musavat.com yazmışdı ki, klinikanın bağlanıb-açılmasının gerçək səbəbləri “Nərgiz”ə müayinə və müalicə üçün müraciət edən xeyli sayda xəstəyə yanlış diaqnoz qoyulması imiş.
Xüsusilə demək olar ki, bütün xəstələrə böyrəklərində, öd kisəsində daş olduğuna dair yanlış diaqnozlar qoyulub. Başqa klinikalarda təkrar yoxlanan xəstələrə bəlli olub ki, onların böyrəklərində, öd kisəsində əslində problem yox imiş.
Sadəcə, ”Nərgiz”də xəstələrə yalandan, məqsədli şəkildə həmin diaqnozu qoyub, təbii dərman vasitələri elan etdikləri həbləri, siropları satırlar. Lakin yüksək ranqlı əlaqələr hesabına klinika fəaliyyətini bərpa eləyə bilib.
Azerinfo.org-a danışmış Şəmkir sakini “Nərgiz” klinikasını onu QİÇS-ə yoluxdurmaqda ittiham etmişdi.
2013-cü ilin aprelində klinikada İrandan gətirilən həkim adını anonim saxlayan pasientə müalicə təyin edib. Müalicə ərəfəsində müəyyən olunub ki, bu əks effekt verir.
“Qardaşımla Təbrizə üz tutdum, buradakı həkimlər analizlərimə baxdıqdan sonra qardaşıma bildiriblər ki, mənə qan vasitəsilə QİÇS xəstəliyinə yoluxmuşam.
Təbrizdə həkimlər məndən soruşdular ki, həkimin kim olub, adını dedim, onlar sorğu ilə öyrəndilər ki, ”Nərgiz ” klinikasında çalışan iranlı həkimlər əslində yalançı “Şeyx Nəsrullah”lardı.
Təbrizdə bizə bildirdilər ki, “Loğman”,”Təbriz-Mehr”,”Nərgiz” klinikalarında çalışan həkimlərin çoxu dələduzlardır. Onların heç həkim sertifikatları yoxdur.
Bakıya qayıtdıqdan sonra “Nərgiz”klinikasının baş həkimi Məlahət Qəhrəmanova ilə görüşdüm.
Lakin klinikaya ödədiyim 8500 manatı  qaytarmaqdan imtina elədi, yüksək rütbəli generalla hədələdi, mühafizəçiləri çağıraraq məni bayıra atdırdı”.
Onu da yada salaq ki, adıçəkilən klinikanın fəaliyyətinə xitam verilmiş ANS telekanalı ilə reklam pulu borcuna görə məhkəmə çəkişməsi olmuşdu, sonuncu qalib gəlmişdi.
Bütün bu istinadlarla təqdim etdiyimiz materiallar zaman-zaman mediada işıqlandırılıb və klinika artıq vətəndaşlar qarşısında ciddi şəkildə etibarını itirib. A.Əsgərovla qohumluq əlaqələrinin gündəmə gəlməsi isə yenidən “Nərgiz”i diqqətə gətirib.
Hörmətli klinika rəhbəri, tanınmış həkim Məlahət xanım Qəhrəmanovanın mövqeyini geniş şəkildə işıqlandırmağa, Arif Əsgərovla qohumluq münasibətlərinə aydınlıq gətirməsini dərc etməyə hazırıq.