Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Sankt Auqustin   Almaniyada azərbaycanlıların qaldığı yataqxanada törədilən qətlin bəzi təfərrüatları məlum olub. Sankt Auqustin şəhərində yerləşən qaçqın yataqxanasında yaşayan həmvətənlərimizdən AzEuroNews.com– a verilən məlumata görə, 17 yaşlı Elma C.ni öldürən 19 yaşlı Brian S. ötən gün həbs edilib.

O, polisə ilkin ifadəsində bildib ki, Elma C.ni münaqişə zəmnində qətlə yetirib.

Cinayətin törədildiyi gün Elma və Brian Bonn şəhərindəki bir barda tanış olublar. Brian daha sonra Elma ilə Sankt Auqustində yerləşən və qaçqınların qaldığı yataqxanaya gəlib. Onlar burada mübahisə ediblər və Brian Elmanı qətlə yetirib.

Qızlarının evə gəlmədiyini görən Unkel şəhərində yaşayan valideynləri isə, polisə məlumat veriblər. Onlar polisə bildiriblər ki, Elma dostları ilə görüşmək adı ilə evdən çıxıb və bir daha evə qayıtmayıb.

Bundan sonra təxminən 150 polis və yanğınsöndürənin iştirakı ilə axtarışlar başlayıb. Polis helikopter və istilik kameraları vasitəsi ilə Şimali Reyn Vestfaliya əyalətində axtarışları bazar gününə kimi davam etdirib.

Daha sonra polisə Sankt Auqustin şəhərindəki bir kiçik gölün sahilində qadın paltarları və çantasının tapılması ilə bağlı məlumat daxil olub. Həmin əraziyə gedən polis dalğıcların vasitəsi ilə göldə axtarış aparıb. Lakin heç bir nəticə əldə edilməyib.

Elmanın mobil telefon danışıqları ilə bağlı hesabatı əldə edən polis nəhayət onun Brianla mesajlaşdığı tapa bilib.

Bundan sonra Brianın yeri müəyyənləşdirilib. Sankt Auqustindəki qaçqın yataqxanasında keçirilən əməliyat zamanı qatil qaçmaq istəyərkən tutulub. O Elmanın cansız cəsədini yataqxanadakı mənzildə saxlayırmış.

İzi itirmək üçün paltarlarını və çantasını aparıb həmin şəhərdəki kiçik bir göl kənarına atıbmış.

Qatillə bağlı məlumat verən polis sözcüsü Robert Şolten deyib ki, iki il əvvəl Almaniyaya gələn Brian Keniyada doğulub. Onun Alman-Keniya ikili vətəndaşlığı var. Bundan əvvəl o təcavüz və uşaq pornoqrafiyası  cinayətləri ilə bağlı istintaqa cəlb olunub.