Portuqaliya milli komandasının və İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştianu Ronalduya “Qızıl top” mükafatı üçün sorğuda Avropadan cəmi iki ölkənin jurnalisti səs verib.

“Report”un məlumatına görə, bunlar Portuqaliya və Sloveniyadır. Səsvermədə ikinci pillədə qərarlaşan Ronalduya qalan səsləri digər qitələrin nümayəndələri verib.

“Qızıl top”un qalibi xorvatiyalı Luka Modriç isə Avropanın 29 ölkəsindən səs yığıb. Azərbaycanlı idman jurnalisti, CBC Sport telekanalının əməkdaşı Rasim Mövsümzadə də məhz Modriçi bu mükafata layiq görüb. O, ən yaxşı gənc futbolçu seçilən Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, Misir yığmasının və İngiltərə “Liverpul”unun yarımmüdafiəçisi Məhəmməd Salahı üçüncü, “Çelsi”nin belçikalı orta sahə oyunçusu Eden Azarı dördüncü, İspaniya “Atletiko”sunun fransalı qolçusu Antuan Qrizmannı isə beşinci pillədə göstərib.

Azərbaycandan dəstək görməyən İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi qitənin cəmi 5 ölkəsindən səs yığıb. Qrizmann avropalı jurnalistlərdən 10, Mbappe (PSJ, Fransa) 7, Rafael Varan (“Real Madrid”, İspaniya) isə 1 səs alıb.

Qeyd edək ki, Kriştianu Ronalduya səs verən ölkələrdən Portuqaliya onun, Sloveniya isə UEFA prezidenti Aleksandr Çeferinin vətənidir.