Fərhad Çağtürk / AzEuroNews.com / Düsseldorf   Polşada və Bolqarıstanda qanunsuz miqrasiyanı təşkil edən cinayətkar şəbəkə zərərsizləşdirilib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, Avropaya gəlmək istəyən miqrantlar daha çox Polşa və Bolqarıstandakı qanunsuz yollardan istifadə edirdi. Onlar Polşadan əmək fəaliyyəti ilə məşğul olmaq adı ilə işçi vizası alaraq, Bolqarıstandan isə keçmiş tarixə ölkə vətəndaşlığını təsdiq edən pasport və digər sənədləri əldə edərək Avropada yaşamağa nail olurlar.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Mövzu ilə bağlı AzEuroNews.com-a danışan miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Əlövsət Əliyevin sözlərinə görə, bu qaydalardan bəzi həmvətənlərimiz də faydalanıb. Belə ki, 2018-ci ilin oktyabr ayında Bolqarıstanda hüquq- mühafizə orqanları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirlərilə bu fəaliyyəti həyata keçirən cinayətkar qrup zərərsizləşdirilib: “Qanunsuz olaraq Bolqarıstan vətəndaşlığını təsdiq edən sənədləri 3-cü ölkə vətəndaşlarına 5,7 min avro qarşılığında satan cinayətkar qrupun 20-dən çox üzvü həbs edilib. Bolqarıstan pasportunu əldə edənlər daha çox Ukranya, Moldova və Makedoniya vətəndaşlarıdılar. 

Polşada isə 1 və ya 3 il və ya daha çox müddətə əmək fəaliyyəti ilə məşğul olmaq üçün razılıq, onun əsasında isə eyni müddətə Polşada yaşamaq icazəsi təşkil edən cinayətkar qrup zərərləşdirilib. Həmin cinayətkar qrupda müxtəlif firmaların əməkdaşları ilə birlikdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarıda fəaliyyət göstərib. Bu yoldan istifadə etməklə 3-cü ölkənin minlərlə vətəndaşı Avropada məskunlaşa bilib”.