Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada Əfqanıstan vətəndaşlarının yenidən deportasiyasına başlanılıb. AzEuroNews.com xəbər verir ki, ötən gün Almaniyanın Frankfurt hava limanından Əfqanıstanın paytaxtı Kabilə gedən təyyarədə daha 14 əfqan olub.

Onlar müxtəlif səbəblərdən Almaniyada sığınacaq istəyi rədd edilən Əfqanıstan vətəndaşları olublar.

Bu 2016-ci ildən Əfqanıstana 19-cu kütləvi deportasiya olub. Əvvəlki 18 deportasiya zamanı Almaniya Federal Hökuməti 425 nəfəri Əfqanıstana qaytarıb.

Bu ilin iyul ayında deportasiya edilən Əfqanıstan vətəndaşlarından biri intihar edib, biri isə, məhkəmədə qalib gələrək Almaniyaya qayıdıb.

Qaçqınların hüquqları ilə məşğul olan  “Pro Asyl” təşkilatı Əfqanıstandakı vəziyyətlə bağlı deportasiyaların doğru olmadığı ilə bağlı açıqlama yayıb. Açıqlamada vurğulanıb ki, son iki həftədə Əfqanıstanda baş verən hücumlar zamanı 70-ə yaxın insan həlak olub.

Ümumiyyətlə, bu il 21 böyük hücum ilə paytaxt Kabil sarsılıb. 500-dən çox adam ölüb, ən azı 999 nəfər yaralanıb.