Foto © wz.de
Foto © wz.de

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada müəllim çatışmazlığı özünü göstərir. Buna etiraz edən valideynlər nümayişə çıxır və boş qalan müəllim ştatlarına görə narazılıqlarını bildirirlər. Bu barədə AzEuroNews.coma Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumtda deyilir ki,  Vuppertal şəhərində (Şimali Reyn-Vestfaliya) məktəblilərin valideynləri plakatlarla küçələrə çıxıblar. “Alter Markt” meydanının mərkəzində nümayiş keçirilib. 400-dən çox insan təhsil sistemində mövcud olan “boşluğa” qarşı çıxıb. Nümayiş edənlərin arasında şagirdlər, onların valideynləri, şəhər təhsil və elm işçiləri həmkarlar ittifaqının, pedoqoji kollektivlərin nümayəndələri olub. Tədbirin təşkilatçısı “Güclü valideynlər NRW” (“Starke Eltern NRW”) ictimai təşkilatının nümayəndələri qeyd ediblər ki, təkcə Vuppertalda minimum 100 müəllim çatışmır. Lakin əgər ölkə üzrə statistikaya nəzər yetirsək, rəqəmlər qorxuducu görünür. Beləliklə, təhsil ilinin əvvəlindəki vəziyyətə görə, ibtidai və orta məktəblərdə demək olar ki, 40 min müəllim çatışmır.

“Bizdə müəllimlərin belə kritik çatışmazlığı son otuz ildə müşahidə olunmayıb”, “Passauer Neue Presse”-ə müsahibəsində Müəllimlər Cəmiyyətinin prezidenti Hayns Peter Maydinger deyib. Cənab Maydingerin sözlərini “Starke Eltern NRW“-in nümayəndələri də təsdiq edirlər. Onların sözlərinə görə, son bir neçə ayda bir çox məktəblər yalnız “fövqəladə rejimdə” çalışır.

“Təhsilin vacib tərəflərinə, ilk növbədə də imtahanlara hazırlığa kifayət qədər diqqət ayrılmır. Buna görə də biz daha müşahidəçi olaraq qalmaq istəmirik”,- Facebook səhifəsində aktivistlər yazırlar. “Starke Eltern NRW“in nümayəndələri qeyd edirlər ki, bu, sonuncu nümayiş deyil, şəhər və əyalət hökumətləri nümayişçilərin bütün tələblərini yerinə yetirməyincə, onlar nümayişləri davam etdirəcəklər. Xüsusilə, onlar təhsil departamentlərini şəhər və əyalət səviyyələrində təhsil sahəsinə maliyyənin artırılmasına, eləcə də müəllimlərin iş prosesində islahatlar aparmağa çağırırlar. Valideynlər və həmkarlar ittifaqının nümayəndələri istəyirlər ki, hökumət əmək müqavilələrinin rəsmiləşdirilməsi prosedurunda dəyişiklik etsin. Məsələn, hazırda müqavilələr yalnız bir illik bağlanır ki, bu da hüquq müdafiəçilərinin fikrincə, müəllimləri həmin yerlərdə qalmağa motivasiya etmir.