Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qaçqın statusu üçün müraciət edən sığınacaq axtaran şəxslər mərkəzləşmiş qaydada Boxum şəhərindəki  ilkin qəbuledici və bölüşdürücü məntəqəyə (LEA) gəlirlər. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.coma verilən məlumata görə, mərkəzdə şəxs qeydiyyata alınır və Şimali Reyn-Vestfaliyada ilk qəbul idarələrindən birinə və ya digər federal əyalətə göndərilir. Məlumatda qeyd olunur ki, 2015-ci ildən başlayaraq müraciət edənlərin sayı azalmaqda davam edir. 2015-ci ildə Şimali Reyn-Vestfaliyada 331369 nəfər sığınacaq üçün müraciət edən ərizəçi qeydiyyata alınıb. 2016-cı ildə onların sayı 103982 olub. 2017-ci ildə say 48496–ya qədər azalıb. Məlumata görə gələnlərin sayı gündən-günə dəyişir və azalmaqda davam edir. Bəzən Boxuma gün ərzində yalnız bir neçə nəfər (çox az sayda insan) gəlir, digər günlərdə onların sayı 150-yə çatır. İdarə 24 saat boyu açıqdır. Nazirliyin məlumatına görə sığınacaq axtaranlar orta hesabla beş-altı saata qədər LEA-da qaldıqdan sonra bölüşdürülür və göndərilirlər. Aparılan islahatar və dəyişikliklər işlərə sürətli baxılmasına görə səmərəli olsa da, bəzi problemlər qalmaqda davam edir. Yeni gələnlər çox vaxt böyük çətinliklərlə rastlaşırlar. Bəzən LEA-da saxlanma müddəti çox uzun çəkir. Bəzən isə insan alveri qurbanları və ya ağır xəstə olan qaçqınlara yardım göstərilmir.