Formula 1-in hazırkı mövsümündə “Toro Rosso” komandasında çıxış edən yeni zelandiyalı pilot Brendon Hartli çempionatın sonunda təkcə komandada deyil, “böyük mükafatlar”da da tutduğu yeri itirib.

AZƏRTAC xəbər verir ki, idmançının bundan sonrakı karyera planları hələ müəyyənləşməyib. Lakin ehtimal var ki, bu, “Porsche” şirkəti ilə bağlı olacaq.

Belə ki, Hartlinin 2019-cu ildə komandanın “zavod pilotu” statusunu alacağı məlum olub. Bununla belə, Brendon “24 saat Le Man” məşhur yürüşündə iştirak edəcək “Porsche”nin ekipaj siyahısına daxil edilməyib. Komanda burada “GT” sinfinə aid 4 maşın təqdim edəcək.

Daha əvvəl xəbər yayılmışdı ki, Hartli inkişaf proqramı istiqamətində “Porsche” ilə Formula E yürüşü çərçivəsində çalışacaq. Bu seriyada “Porsche” 2019/2020 mövsümündə debüt edəcək. Onun pilotlarından birinin Brendon olacağı istisna deyil.

Hartli buna qədər də artıq “Porsche”ni təmsil edib. O, “WEC” çempionatında “LMP1” kateqoriyalı avtomobilin sükanı arxasında “24 saat Le Man” yürüşünün qalibi olub.