Foto © Michal Jarmoluk / pixabay.com
Foto © Michal Jarmoluk / pixabay.com

 


Almaniyanın əmək bazarı haqqında : mövcud vəziyyət, gözləntilər


 

Fərhad Çağtürk / AzEuroNews.com ➤ 2018-ci ilin oktyabr ayında Almaniya hökuməti yeni immiqrasiya haqqında qanun təqdim etdi. Bu layihə eyni zamanda Almaniyanın qapılarının bəzi mütəxəssislərin üzünə açılması deməkdir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a verilən məlumata görə, həmin qanunun tətbiqinə başlanandan sonra təbii ki, Azərbaycandan da Almaniyaya əmək fəaliyyəti ilə məşğul olmağa gələnlərin sayı artacaq, qaçqın statusu almağa gələnlərin sayı isə 50%-dən də çox azala bilər. Qanun layihəsində əsas tələb alman dilini bilmək və tələb olunan ixtisasa malik olmaqdır. Mütəxəssislərə 6 aylıq viza verilməsi nəzərdə tutulur və həmin müddətdə şəxs iş tapmalı və əmək müqaviləsi bağlamalıdır.

➤ Mütəxəssis çatışmazlığı haqqında

Bəzi mütəxəssislər hesab edirlər ki, Almaniyada mütəxəssis çatışmazlığı problemi yoxdur. Çünki 2012-ci ildən Almaniyada Avropa İttifaqının Mavi Kartı Direktivi əsasında Almaniyaya gəlmək imkanları yaradılıb. Bu proqram çərçivəsində Almaniya Mavi kartın verilməsi ilə bağlı lider hesab olunur. “Mavi Kart” əsasında Almaniyada yaşamaq hüququ alanlar 60 ay işlədikdən sonra özlərinə və yaxınlarına Almaniyada daimi yaşamaq hüququ əldə edə bilərlər.

➤ Orta ixtisas təhsilli peşələr üzrə mütəxəssis çatışmazlığı

Soydaşlarımızın əksəriyyəti hesab edir ki, Almaniyada əsasən ali təhsilli mütəxəssislər tələb olunur. Əslində bu, düzgün məlumat deyil. Aparılan təhlillərlə müəyyən edilib ki, əslində Almaniyada daha çox orta texniki təhsilli peşələr üzrə ixtisaslaşan mütəxəssislərə ciddi ehtiyac var. Çünki bu sahədə yerli xalqın nümayəndələri ya işləmək istəmirlər, ya da bu sahəyə daha az maraq göstərirlər.

Nürnberqin əmək bazarını öyrənən İnstitutun məlumatına görə 2017-ci ilin sonunda Almaniyada 1milyon 100 min bu sahədə boş iş yeri olub. Bu rəqəm 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 174 min çoxdur. Tələb olunan mütəxəssislər siyahısına elektriklər, çilingərlər, bərbərlər, bənnalar və s. göstərmək olar. Davamlı olaraq mütəxəssis çatışmazlığı Almaniyanın iqtisadi inkişafına ciddi ziyan vurmaqdadır.

➤ Almaniyada işə götürənlər ali təhsili olmayan miqrantların gəlməsini tənzimləyən  qanunlar tələb edirlər

Yuxarıda göstərdiyimiz kimi Almaniyada orta ixtisas təhsilli mütəxəssislərin tələb olunmasını nəzərə alaraq işə götürənlər də belə mütəxəssisləri tələb etməkdə davam edirlər. Almaniya İşəgötürənlər Konfederasiyasının prezidenti İnqo Karmerin qəbul olunması göstərilən qanun layihəsini orta ixtisas təhsilli miqrantlar hesabına genişləndirməyi tələb edir. O, 13 noyabr 2018-ci ildə verdiyi açıqlamasında bildirib ki, qanun imkan verməlidir ki, biz arzu etdiyimiz mütəxəssisləri seçək, onlara təcrübə və təhsil verək ki, Almaniya iqtisadiyyatına töhvə verə bilsinlər. Ölkələrdə təhsil sistemi müxtəlif olduğu üçün bu, çox vacibdir.

➤ Sığınacaq axtaran şəxslərə isə iddialı əcnəbi kimi yanaşılmalıdır

Federal ərazilərin inteqrasiya üzrə komissarları da immiqrasiya ilə bağlı yeni qanuna dəstək verirlər.  Miqrasiya təşkilatlarının təmsilçisi Miryam Kruppa hesab edir ki, Almaniyaya gələn sığınacaq axtaran şəxslərə də gələcək mütəxəssis kimi baxmaq lazımdır. Komissarların əksəriyyəti hesab edirlər ki, Almaniyada Sığınacaq üçün müraciət edən və rədd cavabı alan şəxslərə də bu qanun tətbiq olunacaq. Əgər qaçqın statusu üçün müraciət edərək rədd cavabı alan şəxs inteqrasiya olunubsa, özünün və ailəsinin ehtiyaclarını təmin edə bilirsə, ona da əməkçi miqrant kimi yanaşmaq icazəsi verilməlidir.

Almaniyada mütəxəssis çatışmazlığı olan ixtisaslar (Engpassberufe)

Orta texniki təhsilli mütəxəssislər

  1. Soyuducu texnologiyası və texnikası üzrə mütəxəssislər
  2. Qocalara və xəstələrə xidmət
  3. Mechatronik (mexatronika)
  4. Tikinti sahəsi üzrə elektrik
  5. Tibb işçiləri

Magistr və bakalavr diplomu olan iş təcrübəsi olmayan ixtisas təhsili olan mütəxəssislər

  1. Xəstələrə baxan mütəxəssis (Fachkrankenpflege)
  2. Tibbi ortopedik texnikası üzrə mütəxəssis
  3. Fizioterapevt
  4. Yeraltı qurğuların tikintisi üzrə mühəndislər
  5. Yanğından mühafizə və təhlükəsizlik texnikası üzrə mütəxəssislər

Ali təhsilli magistr və bakalavr diplomu və iş təcrübəsi olanlar

  1. Dövlət strukturlarında rəhbərlər və idarə edənlər
  2. İnformasiya texnologiyası üzrə mütəxəssislər
  3. Avtomobil yollarının tikintisi üzrə mütəxəssislər
  4. İqtisadi informatika
  5. Neyrologiya, psixiatriya və psixoterapiya təcrübəsi olan həkimlər