Son zamanlar tikinti materialları bazarında bahalaşma müşahidə edilir. Bu, xüsusilə mişar daşının qiymətində nəzərə çarpır edilir.  Tikinti üçün mişar daşı ölkədə istehsal olunursa, onda qiymət artımının hansı səbəbdən baş verdiyi maraq doğurur. Hazırda bazarda 1 ədəd mişar daşı 48-50 qəpiyə satılır. Halbuki bir müddət öndə 40-42 qəpiyə idi. Bəs bahalaşmaya səbəb nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Modern.az-a inşaat malları bazarında bahalaşmaının olduğunu təsdiqləyib.

“Bəli, tikinti materialları bazarında son ayda ciddi bahalaşma var.  Ümumi tikinti materialları bazarı üzrə artım indeksində 0,43 faiz, orta qiymətdə isə 5,94 faiz bahalaşma müşahidə edilir. Daş materiallarında 1,6 faiz artım var, tikinti kərpicində 7, 7 faiz, DVP-də 1 faizə yaxın, armaturda 9,1 faiz, alçipanda 2 faiz artım var. Əsas artım daş materialları və armaturda müşahidə edilir”.

N.İbrahimiov bildirib ki, tikinti materialları bazarında qiymətlərin artması evlərin qiymətinə təsir etməyəcək.

“Ümumi tikinti materialları bazarında 5 faiz artım varsa, bu, ümum satışa 0,3 faiz təsir edir. Yəni inşaat mallarının bahalaşması evlərin qiymət artımına gətirib çıxarmır. Tikinti materiallarının dəyəri ümumi inşaata təxminən 45 faizə yaxın təsir edir. Maya dəyəri isə  satış qiymətində haradasa 60 faizə yaxın təsir edir. Yəni təsiri qədər əhəmiyyətli olmur. O vaxt əhəmiyyətli olar ki, tikinti materialları bazarında 20-30 faiz artım baş versin”.

Müsahibimiz  deyib ki, tikinti materialları bazarında qiymət artımının bir neçə səbəbi var:

“Əvvəl daş sexlərində vergidən yayınma halları olurdu, indi isə həm Vergilər Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onların dəqiq uçotunu aparır. Bu, birinci amildir. Onlar artıq vergidən yayına bilmirlər və bu baxımdan vergiyə cəlb olunduqca, vergi son nəticədə həmin məhsulun maya dəyərinə təsir edir. Ona görə də qiymət artımı qaçınılmaz olur.

İkinci amil payız, yağış amilidir. Çünki payızda hava sərtləşir və bu da tikinti materiallarının istehsalına öz təsirini göstərir.

Üçüncü amil isə odur ki, daş karxanaları əvvəllər elektrik enerjisindən oğurluq istifadə edirdilərsə, son vaxtlar bunun da qarşısı alınıb. Bunlar maya dəyərinə təsir edən məsələlərdəndir.

Dördüncü amil isə son zamanlar bəzi karxanaların fəaliyyətini müvəqqəti və yaxud daimi dayandırmasıdır. Bu da istehsalçıların sayında azalmaya səbəb olur və təbii ki, qiymətə təsir edir”.