Bakı Slavyan Universitetinin doktorantı İlyas Hüseynov və İstanbul Universitetinin magistrantı Rəşid Mustafazadə Moskvada Qorçakov adına İctimai Diplomatiya Fondu və Primakov adına Xarici Siyasət Əməkdaşlığı Mərkəzinin təşkil etdiyi “Gələcək naminə dialoq – 2018” adlı beynəlxalq elmi-maarifləndirici proqramda iştirak ediblər.

AzEuroNews.com xəbər verir ki, 20-dən çox ölkə təmsilçilərinin qatıldığı builki layihənin əsas mövzusu “İctimai diplomatiya və müasir texnologiyaların sintezi beynəlxalq münasibətlərdə yeni trend kimi” olub. Proqram çərçivəsində dövlət nümayəndələri, politoloqlar, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçirilib və dünya gündəmindəki əsas məsələlər müzakirə edilib.

Yaxın Şərq, beynəlxalq təhlükəsizlik, müasir media, yüksək texnologiyaların dünyaya təsiri, diplomatiyada yeni tendensiyalar, dünyanın gələcək siyasi nizamı və s. müzakirə edilən əsas mövzular sırasında yer alıb.

İlyas Hüseynov və Rəşid Mustafazadənin dəyirmi masa və müzakirələrdə Azərbaycan və Türkiyənin siyasəti ilə bağlı səsləndirdikləri çıxışlar və suallar böyük marağa səbəb olub.

“Gələcək naminə dialoq – 2018” gedişatında ənənəvi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iştirakçılar arasında xüsusi görüş keçirilib. İlyas Hüseynov çıxış edərək layihənin əsas mövzusuna diqqət çəkib və Sergey Lavrova müasir innovativ texnologiyaların, habelə yeni və sosial media vasitələrinin dünya siyasətinə təsiri barədə sualını ünvanlayıb.

Layihənin sonunda İlyas Hüseynov və Rəşid Mustafazadə “Gələcək naminə dialoq – 2018” elmi-maarifləndirici proqramda iştirak etdiklərinə görə fəxri diplomlarla təltif olunublar.