Foto © Rita Ox / unsplash.com
Foto © Rita Ox / unsplash.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Almaniyanın daxili işlər naziri Horst Zeehofer sığınacaq axtaran və müraciəti rədd edilən şəxslərin deportasiyası ilə bağlı yeni qaydaların tətbiq olunması üçün yenidən qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, o, rədd cavabı alan sığınacaq axtaran şəxslərin deportasiya olunana kimi qapalı saxlanılmasına icazə verilməsi üçün qanunvericiliyə əlavələr təklif edib. Nazir 2019-cu ildə müvafiq qanunvericilik təkliflərini təqdim etmək niyyətindədir.

Horst Zeehofer / Foto © CSU
Horst Zeehofer / Foto © CSU

“Deportasiya ediləcək şəxslər müvəqqəti saxlanılmalıdır ki, deportasiya anında birədən-birə yox olmasınlar”,- deyən nazır “Passauer Neue Presse”ə müsahibəsində vurğulayıb. Nazir bildirib ki, o, gələn ilin əvvəlində koalisiyaya bununla bağlı “Kompleks tədbirlər paketi” təqdim etmək istəyir. Bundan əlavə, CSU sədri sığınacaq axtaran şəxslər tərəfindən törədilən cinayətlər barədə məlumatları birləşdirmək üçün federal dövlətlər arasında ünsiyyətin daha da təkmilləşdirilməsinin vacibliyini bildirib.

Zeehofer “Müraciətlərinə rədd cavabı verilənləri ölkələrinə geri göndərmək üçün hər fürsətdən istifadə etmənin” vacibliyi qənaətindədir. Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə Almaniyadan təxminən 20.000 nəfərə yaxın şəxs deportasiya edilib. Bu əvvəlki illərlə müqayisədə azdır.

Məlumata görə, 2018-ci ildə 14491 nəfər barədə qərar deportasiya gününə qədər ləğv edilib, 5788 halda isə deportasiya müxtəlif səbəblərdən uçuş günü baş tutmayıb.