ABŞ prezidenti Donald Trampın Ağ Ev aparatının rəhbəri postuna düşündüyü isimlərdən biri də öz kürəkəni, qızı İvanka Trampın əri Cared Kuşnerdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Huffington Post” qəzeti məlumat yayıb.

Qəzetinin iddiasına görə, Kuşner özünün bu vəzifəyə təyin olunmasında olduqca israrçı davranır. Cared Kuşner qayınatasına ancaq özünün bu vəzifəyə yararlı olduğu söyləyir. Əsas arqument olaraq isə cinayət qanunvericiliyi sistemində islahatlar aparılması üzərində apardığı çalışmaları göstərib. Bundan başqa, prezidentin kürəkəni Trampa olduqca aqressiv münasibət göstərən müxalifətdəki Demokrat partiyasının nümayəndələri ilə də işləyə biləcəyini söyləyib.

Qəzetin mənbələrinin verdiyi informasiyaya əsasən Cared Kuşner və Donald Tramp bununla bağlı dekabrın 13-də görüşüblər.

Hazırda Ağ Evin aparatının rəhbəri general Con Kellidir. Lakin Tramp artıq onun ilin sonuna qədər vəzifəsindən gedəcəyini açıqlayıb.

Kellinin yerinə düşünülən, vitse-prezident Maykl Pensin administrasiyasının rəhbəri Nik Ayers prezidentin təklifindən imtina edib.