Sahib Ağayev istintaqa ifadəsində Anar Mahmudovun bir neçə ofşor şirkətinin olduğunu açıqlayıb

Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin olduqca ilginc ifadələri ortaya çıxıb. Üzə çıxan ifadələrdən belə aydın olur ki, sabiq nazirin həbsdəki şəriki bildiklərini danışmaqla vəziyyətdən çıxmağa çalışır. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. İş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin sifarişi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Haqqında danışılan müqavilə Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-nin büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.

Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilib. Eldar Mahmudov şahid qismində dindirilərkən ondan 30 milyonun hara “yoxa” çıxması soruşulmuşdu. Amma sabiq nazir suallara cavabında bundan xəbərsiz olduğunu deyib. Eldar Mahmudova oğlunun şirkəti və biznesi barədə də sual verilib. Digər suallara olduğu kimi, Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərəsiz olduğunu söyləyib. Sahib Ağayev isə istintaqa ifadəsində Anar Mahmudovun bir neçə ofşor şirkətlərinin olduğunu təsdiqləyib. Lakin şirkətlərin sayı və adları barədə dəqiq məlumatının olmadığını deyib. Sahib Ağayev həmçinin sabiq nazirin oğlunun Bakıda rəhbərlik etdiyi şirkətlər və biznesi haqda da ətraflı danışıb. O, Eldar Mahmudovun adamlarının xarici ölkələrdə kimlər vasitəsi ilə ofşor şirkətlər açması, necə idarə etməsini də izah edib. Sahib Ağyev həmin ifadəsində Mahmudovlarla bağlı maraqlı məqamları da açıb.

Məhkəmə qarşısına çıxarılan şərikinin ifadələri Eldar Mahmudova, onun oğluna hansı perspektivi vəd edir?

Hüquqşünas Əkrəm Həsənov deyir ki, sabiq nazirin şərikinin söylədikləri sənəd-sübutlarla təsdiqini taparsa, Eldar Mahmudov həbs oluna  bilər: “Burda müəyyən olunmalıdır ki, pullar hansı hesablara köçürülüb. Həmin hesablara köçürülən pullara nələr alınıb, hansı xidmətlər göstəriib aydınlaşdırılmalıdır. Həmin avadanlıqların, işlərin və xidmətlərin göstərilməsinin bazar qiyməti müəyyən olunmalıdır. Bilinməlidir ki, 90 milyon manat təyinatı üzrə xərclənib və ya şişirtmələrə yol verilməklə pulların hansı hissəsi mənimsənilib. Həmin pullar offşor şirkətlər vasitəsi ilə Anar Mahmudovun  hesabına köçürülübsə, ortada bu haqda iddia varsa, Mahmudovlar özləri həmin pullarla bağlı istintaqa sənədlər təqdim edib dürüstlüklərini ortyaya qoya bilərlər. Əks halda, offşor banklardan hesablar haqda məlumatın alınması mümkünsüzdür. Bunu Sahib Ağayev də edə bilər. O, həmin işlərlə məşğul olubsa, pullar offşorlar vasitəsi ilə ona göndərilibsə, həmin sənədləri onun  özünün də alması mümkündür. Təəssüf ki, offşorlarda olan banklar sənədləri vermir, sorğuları cavablandırmırlar”.

Əkrəm Həsənov deyir ki, Sahib Ağayevin ifadəsi sənədlərlə bərkidilməsə, həmin ifadə Mahmudovların istintaqa təqsirləndirilən qismində cəlb edilməsi üçün yetərli deyil: “Hazırda ortada olan ifadə Eldar Mahmudovun, onun oğlunun şahid qismində istintaqa cəlb olunnmasına əsas verir. Müəyyən olunsa ki, MTN həmin pullaırn müqabilində olduqca baha qiymətə avadanlıq alıb, bu açıq-aşkar korrupsiya cinayətidir və buna görə Eldar Mahmudovu da, onun oğlunu da istintaqa cəlb edə bilərlər”.

Sahib Ağayev bu il yanvarın 17-də Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamlarından biri olub.

musavat.com