Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İsmayıl Cəfərov ifadə verib.

O, təqsirləndirilən şəxsi tanımadığını, “Sahil-D” şirkətindən 2011-ci ildə mənzil aldığını bildirib: “Məzahir Cəfərovla görüşdüm. Ona hissə-hissə 50 min manat ödədim. Sonradan məlum oldu ki, həmin mənzil məndən başqa 2 nəfərə də satılıb. Ancaq bu barədə məni narahat edən olmayıb və hazırda həmin mənzildə yaşayıram”.

Təqsirləndirilən S.İbrahimov da zərərçəkmişi tanımadığını söyləyib.

Digər zərərçəkmiş Eldəniz Cəfərov isə qeyd edib ki, “Sahil – D” şirkətindən aldığı evi sonradan dostunun qohumuna satıb: “2016-cı ildə evi məndən alan şəxs şikayət etdi ki, mənzil başqa bir adama da satılıb. Mən isə buna inanmadım. Sonradan araşdırdım, Məzahirlə görüşdüm. O da bildirdi ki, problem yaranıb, həll ediləcək. Sonra da bu problem aradan qaldırıldı”.

Zərərçəkmiş söyləyib ki, S.İbrahimovu tanımır və ona qarşı hər hansı şikayət və tələbi yoxdur.

Hakim digər zərərçəkmişlərin məhkəməyə gəlmədiyini qeyd edib. Məhkəmə onlar haqqında məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.