Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyada ixtisaslı mütəxəssislərin çatışmazlığı məsələsi hər zamankından daha kəskin vəziyyət alıb. Yüksək ixtisaslı miqrant işçilərin yarısı üç ildən sonra öz vətənlərinə qayıtmağa üstünlük verirlər. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, xüsusi araşdırma aparan Alman İqtisadiyyat İnstitutunun (Institut der deutschen Wirtschaft, IW) araşdırmaçı analitikləri çox diqqətçəkən və maraqlı rəqəmlər müəyyən ediblər. Belə ki, təkcə 2017-ci ildə 1.4 milyona yaxın əcnəbi Almaniyaya köçüb və onlardan hər ikincisi (850 min) AB ölkələrinin vətəndaşıdır. Eyni dövrdə (il ərzində) ölkədən 708 min nəfər başqa ölkəyə köçüb. Almaniyanın əmək bazarında qalanların təmiz sayı 680 min nəfərdir. Alman sosioloqların ifadə etdiyi kimi desək , “təmiz immiqrasiya” budur. 

Bu kimi hesabatlara əsaslanan ekspertlər Almaniyada yaşayan əcnəbilərin çoxunun bir neçə ildən sonra ölkəni tərk edəcəyini düşünürlər.

Hesabata görə, ölkədən gedənlərin (təxminən 500 min nəfəri) çoxu yüksək ixtisaslı mütəxəssislərdir. Görünən odur ki, yüksək ixtisaslı mütəxəssislərin bir hissəsi qısa müddətdən sonra ölkəni tərk etmək qərarı verirlər. 

Araşdırma müəlliflərindən birinin Wido Geis-Thönenin fikrincə, bu, əcnəbi mütəxəssislərdə bir tendensiyadır. 2014-cü ildən etibarən ümumi immiqrasiya təxminən yarım milyon təşkil edir. 

Bir qayda olaraq Almaniyada müvəqqəti çalışan əmək miqrantları tək olanlar və ya bir uşaqlı ailələrdir. Statistikaya görə, iki və ya daha çox uşağı olan ailələr daha yaxşı inteqrasiya olunmuş və nadir hallarda vətənlərinə qayıdıblar. Ekspert Wido Geis-Thon bu insanların ilk növbədə, uşaqları haqqında düşünən, onların Almaniyada perspektivinin təmin olunacağına inananlar oldugunu bildirir. 

Tədqiqat müəllifləri bəzi dövlət təşkilatlarına tövsiyələr də hazırlayıblar. Tövsiyələrə görə, gələcəkdə Almaniyanın Federal Əmək Təşkilatı (BA), Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə (BAMF) ölkəyə ixtisaslı miqrantların cəlb edilməsinə xüsusi diqqət ayırmalıdır. Sığınacaq axtaran mütəxəssislərə uzun müddət ölkədə qalmaq üçün mövcud şərtlər təqdim olunmalı və izah edilməlidir. 

Layihə müəllifləri hesab edirlər ki, hər iki valideyni əmək bazarında çalışan və uşaqları təhsil sisteminə aid məktəblərdə təhsil alan şəxslərin hesabına əmək bazarında və demoqrafik sahədə stabilliyi qorumaq mümkündür.