Fərhad Çağtürk / AzEuroNews.com / Köln  Möhlət hüququ ilə ( “Duldunq”) yaşayan şəxslər belə, əgər iş tapıblarsa, yaxşı inteqrasiya olublarsa, Almaniyada qalmaq üçün imkan əldə edə biləcəklər.

Uzun müddətdir gözlənilən və sığınacaq axtaran şəxslər üçün çox əhəmiyyətli hesab edilən qanunun bu gün qəbul olunacagı gözlənilir. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki,  Almaniya hökuməti nəhayət ki, ötən gün Əmək Miqrasiyası haqqında Qanun barədə razılığa gəlib. Artıq bu gün qanunun qəbul ediləcəyi gözlənilir. Bu barədə Kabinetin sözçüsü qısa məlumat verib. Çərşənbə günü yəni bu gün (19 dekabr 2018-ci il ) daxili işlər naziri Horst Zeehofer, əmək naziri Hubertus Heil, iqtisadiyyat üzrə nazir Peter Altmayer sözügedən mövzu haqqında məlumat verəcəklər .

Qeyd edək ki, bu günə qədər qanun üzərində danışıqlar gedirdi. Həmin danışıqlar əsnasında qanuna bəzi faydalı düzəlişlər edilib. Belə ki, bu qanun Avropa İttifaqina aid olmayan ölkələrdən gələn şəxslər üçün də ehtiyac olan sahələrdə işləmək imkanlarına şərait yaradır.

Qanun qaçqınlar üçün də daha böyük imkanlar yaradır. Yeni qanuna görə, qaçqın kimi müraciət edib rədd cavabı almış və möhlət hüququ ilə ( Duldungla) yaşayan şəxslər belə, əgər iş tapıblarsa, yaxşı inteqrasiya olublarsa, Almaniyada qalmaq üçün imkan əldə edə biləcəklər.

Ralf Stegnerin “Süddeutschen Zeitung”a verdiyi müsahibəyə əsasən, bu qanunun şərtləri dəqiq başa düşülməlidir. Burada yalnız işləyən, oxuyan və yaxşı inteqrasiya olunmuş rədd cavabı alan sığınacaq axtaran şəxslər qala bilmək imkanından söhbət gedir. 

Bu qanun vasitəsilə Almaniyada işçi qüvvəsi çatışmazlığı aradan qaldırılmalıdır. Lakin işçi qüvvəsinə ehtiyac olduqda əvvəlcə alman, daha sonra Avropa İttifaqı vətəndaşı, daha sonra Avropa Birliyindən olmayan şəxslərin müraciətləri nəzərə alınmalıdır. 

Həmçinin, bu qanunla qaçqınların işləmə məhdudiyyəti aradan qaldırılacaq. Böyük koalisiya yayda qaçqın probleminin müzakirəsi zamanı bəzi problemlərin aradan qaldırılacağına söz vermişdi ki, məhz bu qanun həmin vədin icrası üçün son şansıdır.