İngiltərənin “Mançester Yunayted” futbol komandasından kənarlaşdırılmış Joze Mourinyo tezliklə Almaniya “Bavariya”sına baş məşqçi təyin oluna bilər.

“Report”un “Don Balon”a istinadən verdiyi məlumata görə, Münhen klubunun rəhbərliyi Niko Kovaçla yollarını ayırmağa hazırdır. “Bavariya” veteranlar Frank Riberi və Aryen Robbenin gedişi ilə əlaqədar heyətdə yenidənqurma aparmaq niyyətindədir. Komandanı Tomas Müller, Xavi Martines, Jerom Boatenq və Mats Hummels də tərk edə bilər. Yeni kollektivin qurulmasına cavabdehliyin portuqaliyalı mütəxəssisə həvalə olunacağı güman edilir.

Daha əvvəl Mourinyonu geri qaytarmaqda İspaniya “Real Madrid”inin maraqlı olduğuna dair xəbərlər yayılıb.

Qeyd edək ki, Joze Mourinyo “Mançester Yunayted”ə 2016-cı ilin yayında baş məşqçi təyin olunub. O, 2,5 il ərzində 3 titul əldə edib. 56 yaşlı mütəxəssis əvvəllər Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və İtaliyanın “İnter” komandalarında da çalışıb.