Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı Modern.az-a təsdiqləyib.

Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır.

Əldə etdiyimiz məlumata görə, Firudin Qurbanov sabah dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.