Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Dekabrın 21-də Almaniyanın Köln şəhərindəki “Senats Hotel”də hüquq müdafiəçisi Əlövsət Əliyevin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Azərbaycan – Əbədiyyət Yolçusu” adlı ədəbi-bədii gecə keçirilib. AzEuroNews.com xəbər verir ki, gecə jurnalist Tünzalə Rafiqqızı və gənc fəal Rəhim Vəlievin aparıcılığı ilə baş tutub. Tədbirdə 100 illik tarixə malik Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verildikdən sonra həmin dövrdən bəhs edən videosüjetlər təqdim olunub.
Aparıcılar eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü, onun mahiyyəti, Azərbaycanın 20%-dən çox torpağının erməni – rus hərbi birləşmələri tərəfindən işğalı, 30 milyondan artıq güneyli soydaşımızın isə ən ibtidai hüquqlarından belə məhrum olmaları haqqında da məlumat veriblər.
Daha sonra həyatını dünya azərbaycanlılarının həmrəyliyinə həsr etmiş tədbir iştirakçılarından biri – DAK həmsədri Firudin Pərvizniya dünya azərbaycanlılarının bir araya gəlməsinin mahiyyətindən danışıb.

Kanal-13 internet televiziyasının rəhbəri Anar Orucov isə çıxışında tədbir təşkilatcılarına və iştirakçılarına təşəkkürünü bildirməklə yanaşı, Ramiz Rövşənin “Vətən” şeirini də səsləndirib.
Tədbirin azyaşlı iştirakçılarından azərbaycanlı uşaqlar Aysel Gəncəli, Zəhra CəfərliAytac Həsənəli Azərbaycanın tanınmış şairləri Almaz İldırım və Nəriman Həsənzadənin şeirləri ilə gecəyə əlavə rəng qatıblar.
Eyni zamanda gecədə Hüseyin Cavidin, Mikayıl Müşfiqin, Məmməd Arazın, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Rüstəm Behrudinin şeirlərindən parçalar səslənib.

“Cücələrim” ansamblının rəqqasları Surxay SəfərliŞahin Əhmədzadə də çıxışçılar sırasında olublar. Onlar tamaşaçılara məşhur “Qoçəli” rəqsini təqdim ediblər.
Daha sonra Məmməd Əmin Rəsulzadəyə xalq sevgisini yaşadan musiqi əsərlərinin ifaçısı tanınmış müğənni Qismət Məmmədzadə “Rəsulzadə Türküsü”, “Bakinskiy Roman”, “Ey vətən” mahnılarını səsləndirib. Almaniyada Azərbaycan musiqisinin layiqli təmsilçisi, Azərbaycanla bağlı keçirilən mədəniyyət günlərində daim təmənnasız iştirak edən Azərbaycan Opera və Balet Teatrının solisti Vüsalə Musayevanın ifaları isə xüsusi coşqu ilə qarşılanıb. O, çox böyük sevgi və yanğı ilə “Mənim Azərbaycanım” (Əlibaba Məmmədov), “Qarabağ” mahnısı, (Rəfiq Zəka Xəndan. Mus: Bəhram Nəsibov), Qarabağ Şikəstəsi, “Yaşa mənim xalqım” (Zivər Ağayeva söz. Rauf Məmmədov) və digər mahnıları ifa edib.
Gənc müğənni Ülvi Rəşidov da bir neçə mahnı səsləndirib.
Gecəyə Köln, Düsseldorf şəhərlərində yaşayan soydaşlarımız, Cənubi Azərbaycan icmasının və türk icmalarının təmsilçiləri qatılıblar.