Son 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan çox sürətlə inkişaf edir, yenilənir və bu yüksəliş Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır: “Məmnunluqla demək lazımdır ki, son 15 il Azərbaycanın xüsusi qürur duyulan bir səhifəsini təşkil edir. Bu illər ərzində Azərbaycanda bütün sahələr yenilənib, müasirləşib. Ən başlıcası, insanlarımızın həyat səviyyəsi dəyişib, əhali daha yaxşı yaşayır. Bu isə Azərbaycan cəmiyyətinin birliyini daha da gücləndirir”.

Ə.Əhmədov qeyd edib ki, ölkədə son 15 illik inkişaf fərqli sahələri əhatə etməklə çoxşaxəli olub:

“Azərbaycanda istənilən sahədə baş verən dəyişikliklər möhtəşəm, uğurlu olub. Qürur hissi ilə qeyd ediləcək hadisələrdən biri Azərbaycanın möhtəşəm quruculuğunun, həyatımızın bütün sahələrinin yeni, modern əsaslarla qurulması ilə bağlıdır. Biz Azərbaycanın ən fərəhli dövrünü yaşayırıq”.

Baş nazirin müavini bildirib ki, son 15 il ərzində aparılan quruculuq işlərinin nəticəsi olaraq, Azərbaycanın siması köklü şəkildə dəyişib: “Azərbaycanın hər bir guşəsi tanınmaz şəkildə dəyişib. Bakının müasirləşməsi, onun infrastrukturunun tamamilə yenilənməsi 15 illik nailiyyətlərin mühüm bir hissəsidir. Azərbaycanın bütün bölgələrində, möhtəşəm quruculuq işləri bu gün də aparılır. Bundan sonra da bu siyasət uğurla davam etdiriləcək”.