Rasim Abdullayev
Rasim Abdullayev

Fərahim İlqaroğlu / AzEuroNews.com “Mənim oğlum Nurlan Abdullayev 5 aprel 2016-cı il tarixində şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın Vətənin azadlığı uğrunda şəhid olması ilə fəxr edirəm. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub”. Sözlərin müəllifi şəhidimiz Nurlan Abdullayevin atası Rasim Abdullayevdir. 

Rasim bəy AzEuroNews.com-un elektron poçt adresinə göndərdiyi məktubda qeyd edir ki, evləri yararsız vəziyyətdə olduğu üçün ölkə başçısı İlham Əliyevə məktub yazaraq kömək istəyib: “Cənab prezidentdən yeni mənzil inşa edilməsinə kömək göstərməsini xahiş etmişdim. Həmin ərizəm icra olunması üçün Zərdab Rayon İcra Hakimiyyətinə göndərildi. Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir edib dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam“.

Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev
Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev

Rasim bəy daha sonra qeyd edir ki, həyat yoldaşı belə bir şeyin olacağı təqdirdə intihar edəcəyini söyləyib: Həyat yoldaşım bu alçaqlığa görə intihar etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq. İnsan nə qədər əcazil ola ki, şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşıında çəkinmədən belə yaramazlıq edə. Mən özüm Qarabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi.

Nurlan Abdullayev
Nurlan Abdullayev

Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətləri bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından kömək etsinlər“.

AzEuroNews.com mövzu ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, mövzu ilə bağlı açıqlama verən olmayıb.