İndoneziyanın Zond boğazı sahillərində baş verən sunami nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 1400 nəfər yaralanıb, 150 nəfər isə itkin düşmüş sayılır.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Anak-Krakatau dağında getdikcə artan vulkan aktivliyi yeni sunami təhlükəsi yaradıb. İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına görə, sunami nəticəsində 600 ev və 7 otel tamamilə dağılıb, 16 min insan evsiz qalıb.

Təbii fəlakətin güclü dağıntılara və çoxlu tələfata səbəb olması 170 seysmoloji stansiya və dənizdə suyun səviyyəsini ölçən 137 qurğudan ibarət zəlzələ və sunamidən xəbərdarlıq sisteminin fəaliyyət göstərməməsi ilə əlaqədardır. Ölkə Prezidenti Coko Vidodo bu sistemin dərhal işə salınması barədə göstəriş verib.

İndoneziya rəsmiləri fəlakət zonasında axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirirlər.