Lamiyə Məmmədova / AzEuroNews.com / Paris   Fransada 17 dekabrdan başlayan “Sarı jiletlilər“in aksiyası 43 min nəfərin işsiz qalmasına səbəb olub. AzEuroNews.com xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, aksiyaların başladığı gündən şirkətlərin zərər etməsi səbəbindən 43 min nəfər işsiz qalıb. İşsiz qalan şəxslər dövlətə 28 milyon avro zərər vurublar.

Beynəlxalq Alışveriş Mərkəzləri Konseyindən verilən açıqlamaya görə isə, aksiyalar başalayandan ölkədəki alışveriş mərkəzlərini ziyarət edənlərin sayı hədsiz dərəcədə azalıb. 800-dən çox böyük alışveriş mərkəzinin olduğu Fransada 280 mərkəzin zərəri 2 milyard avrodan çox olub.

Məlumat üçün qeyd edək ki, Fransada yanacağın qiymətinin endirilməsi tələbi ilə 17 dekabrda başlayan aksiya sonradan prezident Emanuel Makron hakimiyyətinin istefası tələbi ilə davam edib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyə kimi aksiyalarda 4 nəfər ölüb, 4500 nəfər saxlanılıb.