Fərhad Çağtürk / AzEuroNews.com / Köln   Almaniyanin müdafiə sistemində əcnəbilərin də işə götürüləcəyi gözlənilir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Almaniya “Bundesver”inin baş müfəttişi Eberhard Zorn dekabrın 27-də media nümayəndələri ilə görüşündə məlumat verib ki, hazırda Avropa İttifaqı ölkələri vətəndaşlarının bu sahədə müəyyən edilmiş işləri görmək üçün işə götürülmək imkanları araşdırılmaqdadır. Onun sözlərinə görə, əsas müzakirələr həkimlər və ya IT-mütəxəssisləri ətrafında aparılır. Müfəttiş hökumətin bu mövzuda Avropa Birliyi üzvləri olan tərəfdaşları ilə məsləhətləşmələr apardığını vurğulayıb. Bildirilir ki, hazırda Almaniyada 18-30 yaşlarında Avropa Birliyi ölkələrinin vətəndaşı olan 530 min nəfər yaşayır və onların bəziləri orduda xidmət etməkdə maraqlı ola bilər.

 Hazırda Almaniya Bundesverində 182 min əsgər var. Plana görə, 2025-ci ilə qədər orduda xidmət edənlərin sayı 203 minə çatmalıdır. Məlumatda bildirilir ki, İlk növbədə kibertəhlükəsizlik sahəsində və Avropa Birliyinin müdafiəsi layihələrində yeni kadrlara ehtiyac var.