Cəsur Sümərinli/ Facebook statusu  Almaniyada kəsilmiş təbii yolkalar hazırkı mövsümə qədər dəbdə idi. Hər kəs xüsusi ayrılmış satış nöqtələrindən 15-100 avro ödəyərək şam ağacınının kəsilmiş hissəsini alıb evinə gətirir və “Milad bayramı”nı keçirirdi. Bayramdan sonra isə bu hissələr tullantı olaraq şəhərin müxtəlif xüsusi ayrılmış ərazilərinə toplanılır, oradan da zibildaşıma maşınları vasitəsilə müəyyən ərazilərə aparılırdı.

Amma indi başqa trend diqqət çəkir. Təbiətsevərlər iddia edirlər ki, təbii şam ağaclarının hissələrinin kütləvi şəkildə istismarı təbiətə ciddi ziyan vurur, torpağın tərkibindəki faydalı maddəkələrin azalmasına gətirib çıxarır. Beləliklə, yeni ideyalar ortaya çıxdı: məsələn, ağacı kirayəyə vermək təklifi. Hazırda Almaniyada bir çox yerlərdə yolkalar kökü ilə birlikdə, dibçəkdə alıcıya satılır. Alıcı bayram müddətində evində həmin ağaca təlimat üzrə xüsusi olaraq qulluq etməli, sonda isə onu yenidən satıcıya qaytarmalıdır. Maraqlıdır ki, ağacların kirayəyə verilməsi onun qiymətinə təsir etməyib: kirayə qiyməti yenə də əvvəlki kimi 15-100 avro arasındadır.