İtaliya A Seriyasının XIX turunda “Yuventus” “Sampdoriya”nı qəbul edib.

“Report”un məlumatına görə, Turində keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qoca Sinyora”nın hər iki qolunu Kriştianu Ronaldu vurub. 2-ci dəqiqədə hesabı açan portuqaliyalı hücumçu 65-ci dəqiqədə penalti ilə qələbə topunu vurub. Qonaq komandadan isə 33-cü dəqiqədə Fabio Kvalyarella fərqlənib.

Beləliklə, “Yuve”nin il ərzində 100-cü, Ronaldunun isə 49-cu qolu qeydə alınıb. Bu qələbə sayəsində xallarını 53-ə çatdıran “Yuventus” turnir cədvəlinə başçılıq edir. Turin komandası həm də tarixi ərzində ilk dövrənin ən çox xalını toplayıb. “Sampdoriya” isə 29 xalla 5-ci pillədə qərarlaşıb.