Amerika Birləşmiş Ştatlarının BMT-nin təhsil, elm və mədəniyyət üzrə (UNESCO) təşkilatından çıxmaq barədə qərarı qüvvəyə minib.

Oxu.Az-ın xəbərinə görə, ABŞ bundan sonra Ümumdünya İrs Komitəsinə seçilməyəcək və üzvlük haqqı ödəməyəcək, lakin ölkə müşahidəçi dövlət statusunu özündə saxlayır və yeni obyektlərin baxılması üçün məsələ qaldıra bilər.

ABŞ UNESCO-dan çıxmaq barədə qərarını 2017-ci ilin oktyabr ayında elan edib. Amerika hökuməti hesab edir ki, təşkilat İsrailə qarşı qərarlar qəbul edir. ABŞ UNESCO-ya Fələstinin üzv olmasından narazıdır.

UNESCO 1945-ci ildə 37 ölkə ilə yaradılıb. Birləşmiş Ştatlar artıq bir dəfə 1984-cü ildə idarəçilik məsələlərində fikir ayrılığına görə təşkilatı tərk edib. 2003-cü ildə ölkə təşkilata qayıdıb, lakin 2011-ci ildə Fələstinin bu quruma daxil edilməsindən sonra ABŞ UNESCO-nun maliyyələşməsini dayandırıb.