“Apple” şirkəti gələn ildən etibarən öz smartfonlarını Hindistanda istehsal etməyə başlayacaq.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Xəbərə əsasən smartfonların istehsalı ilə “Apple” şirkətinin əməkdaşlıq etdiyi “Foxconn” şirkəti məşğul olacaq. Belə ki, Hindistanın Şriperumbudur şəhərində “Foxconn” şirkətinin artıq lazımi istehsalat infrastrukturu var.

“Foxconn” eyni zamanda “Apple”nin Çindəki rəqibi “Xiaomi”nin smartfonlarını da məhz Hindistanda istehsal edir.

Beləliklə “Foxconn” Hindistandakı zavodunda “iPhone”ların istehsalı üçün ayrıca istehsalat xəttini istifadəyə verəcək. Bu işin reallaşdırılması üçün şirkət 356 milyon dollar vəsait ayırmağı və 25.000 yeni iş yeri yaratmağı planlaşdırır. Məlumata əsasən Hindistandakı zavodda “iPhone X” də daxil olmaqla yalnız flaqman modellər istehsal olunacaq.

Qeyd etmək lazımdır ki, şirkət daha əvvəllər də Hindistanda smartfon istehsalı ilə məşğul olub. Lakin vaxtı ikən həmin ölkədə yalnız büdcəli modellər (“iPhone SE” və “iPhone 6S”) istehsal edilib. Görünür, şirkət Hindistandakı mövqeyini genişləndirmək və orda təkcə büdcəli deyil həmdə flaqman modellərin satışlarını rellaşdırmaq istəyir. Bundan əlavə olaraq Çin ilə ABŞ arasında olan ticarət müharibəsi səbəbilə şirkət ümumiyyətlə smartfon istehsalını Çindən başqa ölkəyə keçirtməyi planlaşdırır.