Azərbaycan millisinin baş məşqçisi əfsanəvi futbolçulardan biri ola bilər.

Xorvatiya mətbuatı xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun sabiq mərkəz müdafiəçisi İqor Tudor yığmamızın baş məşqçisi olmağa namizədlərdəndir.

Daha əvvəl digər xorvat Robert Prosineçki ilə inamlı çıxış etmiş millimiz yenə bu postu bu ölkədən olan mütəxəssisə həvalə edə bilər.

Qırx yaşlı mütəxəssis ötən il aprelin 24-də təyin olunduğu İtaliyanın “Udineze” klubundan cari mövsümün əvvəlində uğursuz çıxışa görə ayrılıb və hazırda işsizdir.

Tudor bundan əvvəl ölkəsində “Xayduk”u, Yunanıstanda PAOK-u, Türkiyədə “Karabükspor” və “Qalatasaray”ı da çalışdırıb.

O, 1998-2007-ci illərdə oynadığı “Yuventus”la iki dəfə İtaliya çempionu olub, iki dəfə İtaliya Superkubokunu qazanıb, bir dəfə İntertoto Kubokunu başı üzərinə qaldırıb. Həmçinin Turin klubu ilə B Seriyasının qalibi olub və 2003-cü ildə Çempionlar Liqasının finalçısı olub.

İqor Tudor 1998-ci ildə Xorvatiya millisinin dünya üçüncüsü olduğu heyətdə yer alıb. 2001-ci ildə ölkəsində ilin futbolçusu seçilən Tudorun məşqçi kimi yeganə uğuru 2013-cü ildə “Xayduk”la Xorvatiya kubokunu qazanması olub.(oxu.az)