Konqoda vəziyyətin kəskinləşməsi fonunda ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Tramp qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın Konqresin rəhbərliyinə ünvanladığı və Ağ Ev tərəfindən yayılan məktubda deyilir.

“Təxminən 80 hərbçinin yerləşdirilməsi Konqo Demokratik Respublikasında dekabrın 30-da keçirilmiş seçkilərlə əlaqədar orada başlaya və zorakılıqla müşayiət oluna biləcək nümayişlərə cavabdır. Hərbi kontingentin birinci hissəsi Qabona yanvarın 2-də zəruri silahlarla və hərbi aviasiyanın dəstəyi ilə gəlib”, – deyə Donald Tramp yazıb.

Trampın sözlərinə görə, lazım gələrsə, Qabona və ya Konqoya əlavə qüvvələr göndərilə bilər. Hərbçilərin Qabonda qalması vəziyyətin onların burada olmasını tələb etməyəcəyi vaxta qədər davam edəcək.