Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən vəkil Norbert. D tərəfindən uzun illərmiş ki, əcnəbilərin inteqrasiyası üçün “daha əlverişli qaydalar” tətbiq olunurmuş. O, Avropa Birliyi vətəndaşı olan şəxslərlə əcnəbilərin saxta nikahını təşkil edərək, onlara Almaniyada yaşamaq icazəsi almağa kömək edirmiş. Bu barədə AzEuroNews.coma  Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki,  son bir neçə ildə o, iki yüzdən artıq belə nikahın təşkilinə nail olub.

Alman mətbuatınını məlumatına görə isə, daha üç “mütəxəssis” ona saxta sənədlər hazırlamağa kömək edib. Hər bir nikah şəhadətnaməsi üçün ona 6 min avrodan 16 min avroya qədər pul ödənildiyi bildirilir. Qiymətlər, müştərilərinin gələcəkdə yaşayacaqları ölkələrə görə dəyişib. Gəlinlər daha çox Macarıstan, Polşa və Yunanıstan vətəndaşları arasından seçilib.

Vəkil Norbertin „Norbert və həmkarları“ vəkil bürosu bu xidməti Danimarka və Almaniyada həyata keçirib.
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vəkil Norbert sənədləşmədə şəxsən iştirak edib. İbtidai istintaq zamanı federal polis 50 mənzil və ofisdə axtarış aparmaqla geniş bir şəbəkə, habelə sənədlər toplusu, kompüterlər və digər maddi sübutlar götürə bilib.

İndi vəkil Norbert və onun tərəfdaşları həbsdədir və məhkəmə prosesini gözləyirlər. Təbii ki, vəkil və tərəfdarları bütün ittihamları inkar edirlər. Prokurorlugun məlumatına görə, birinci məhkəmə iclası 2019-cu ilin yanvarında, yəni bu ay keçiriləcək.