Fərhad Çağtürk / AzEuroNews.com / Köln Almaniyanın nüfuzlu “Bild” qəzeti 2018-ci ilin ən yaxşı fotolarını dərc edib. AzEuroNews.com xəbər verir ki, oxucular tərəfindən ötən il göndərilən və qəzetdə dərc edilən fotoların içindən ən yaxşı 28 foto seçilib. Seçilən fotolar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Köln şəhərində çəkilmiş fotosu da var.

Ötən ilin sentyabr ayında Köln Mərkəz Camesinin rəsmi açlışı üçün Almaniyaya gələn Ərdoğan məscid qarşısında onu gözləyən türkləri “Rabia”işarəsi ilə salamlayıb. Bu anı fotoqraf Mixael Körner görüntüləyə bilib. Maraqlısı isə, “Bild” qəzetinin bu fotonu “Präsident der Provakation” (Prezident təxribatı) başlığı ilə dərc etməsidir. Qəzet “Rabia”nı “İslami salamlama” olaraq qeyd edib.

Məlumat üçün qeyd edək ki, ərəbcə “dördüncü, dörd” mənasını verən “Rabia” sözü Misirdə müqavimətin simvolu olub. Bu, Misirdə çevriliş edənlərin qırğın etdiyi Rabiatul Adeviyye meydanının adından gəlir. Meydana adını verən Adeviyye adlı müsəlman qadın ailənin dördüncü uşağı olduğuna görə adının əvvəlinə Rabiatul qoyulub. Rabiatul Adeviyye həyatı boyu verdiyi azadlıq mübarizəsi ilə xatırlanır. Nümayişlərlə birlikdə bu adın daşıdığı məna, misirlilər arasında yeni bir simvolun doğulmasına səbəb olub. Meydanlarda toplanan nümayişçilər, əlləriylə dörd işarəsi düzəldərək Rabiatul Adeviyyeyə istinad ediblər. İşarə meydanlarda, Misir daxilində yayılıb və zəfər işarəsi qədər çox istifadə edilməyə başlayıb. İşarənin digər mənası isə Mursinin Nasir, Sədat və Mübarəkdən sonra dördüncü prezidenti olmasıdır.