Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə axar.az-a daxil olan məlumatı M.Quliyevin yaxınları təsdiqləyiblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

M.Quliyevin bütün həyatı Cəbrayıl rayonu ilə bağlı olub. Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru, Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru olub.

18 dekabr 2000-ci ildən 3 mart 2016-cı ilə qədər Cəbrayıl RİH-nin başçısı işləyib.

2012-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.