İsrailin KAN teleyayım şirkəti və Avropa Yayım İttifaqı “Eurovision 2019” mahnı müsabiqəsinin loqotipini təqdim edib. Müsabiqə mayın ortalarında Təl-Əviv şəhərində keçiriləcək.

Oxu.Az xəbər verir ki, rəsmi loqotip müsabiqənin “Instagram” səhifəsində paylaşılıb.

Loqotip ulduz formasını ərsəyə gətirən üç üçbucaqdan ibarətdir.

“Üçbucaq dünyanın ən qədim fiqurlarındandır – ona incəsənət, musiqi, kosmologiya və təbiətdə rast gəlinir və incəsənətlə bir növ əlaqə yaradır. Vəhdət halına gələn üçbucaqlar saysız-hesabsız ulduzları olan səmanı əks etdirən, “Eurovision-2019”da iştirak etmək üçün Təl-Əvivə toplanacaq gələcək estrada ulduzlarını simvolizə edən yeni məfhuma çevrilib”, – deyə KAN nümayəndəsi loqotipin təfsirini verib.

Qeyd edək ki, musiqi müsabiqəsinin yarımfinalı 14-16 may tarixlərində keçiriləcək. Final mayın 18-nə planlaşdırılıb.