Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyanın Ştutqart, Düsseldorf və Köln/Bonn hava limanının işçiləri tətilə başlayıblar. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın ən böyük həmkarlar təşkilatı olan Birləşmiş Xidmət İşləri məlumat yayıb. Məlumatda deyilir ki, bu gün gecə saatlarından etibarən işçilər maaşlarının artırılması tələbi ilə tətil elan ediblər.

Əsasən hava limanlarının təhlükəsizlik xidmətlərinin əməkdaşlarının tətil etməsi səbəbindən Ştutqart və Düsseldrof hava limanlarında 125 təyyarənin enişi ləğv edilib. Ümumilikdə işçilərin tətili  110 min sərnişinə təsir edib.

Tətilə görə hava limanlarının karqo bölümlərinə yük maşınlarının girişi də qadağan edilib.

Həmkarlar təşkilatının yaydığı məlumatda deyilir ki, təxminən 23 min hava limanı işçisi maaşlarının 20 avro artırılmasını tələb edir. Hava limanları isə, yalnız 6,4 % maaş artımı edə biləcəklərini deyirlər. İşverənlərlə həmkarlar təşkilatı arasında müzakirənin yanvarın 23-də davam edəcəyi gözlənilir.