Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF
Foto © Bundesamt für Migration und Flüchtlinge - BAMF

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyada miqrantların yaşının yoxlanılması və dəqiqləşdirilməsi qaydaları üzərində iş aparılır. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstrən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Almaniyanın Federal Səhiyyə Nazirliyi gənc miqrantların yaşını təyin etmək üçün yeni və alternativ qaydalar axtarmaqdadır. Yeni qaydaların müəyyən olunması üçün bir milyon avroluq yeni layihə maliyyələşdirilir.

Jens Spah
Jens Spah

Federal səhiyyə naziri Jens Spah (CDU), şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaşları dəqəqləşdirilməyən uşaqların və ya gənc miqrantların yaşlarının müəyyənləşdirilməsinin alternativ rentgen şüalanması yolu ilə mümkün olub-olmadığını araşdırır. Spah “New Westphalian” nəşrinə bildirib ki, şəxsin yaşının dəqiqləşdirilməsinə ciddi ehtiyac var.

Yaş sığınacaq prosedurları üzrə və lazım olduğu yerlərdə isə cinayət məsuliyyətinin müəyyən olunması zamanı hüquqi nəticə əldə olunmasına və hüquqi qərarların qəbul edilməsinə təsir edir.

Ona görə də yaşın dəqiqləşdirilməsi qaydalarını müəyyən etməliyik”, – deyə nazir bildirib.

Spah vurğulayıb ki, Federal Səhiyyə Nazirliyi 2018-ci ildə doğum tarixi məlum olmayan şəxslərin yaşlarının alternativ rentgen şüalanması ilə müəyyənləşdirilə biləcəyini öyrənmək üçün Fraunhofer Gesellschaft və Saarland Universitetinin bir layihəsini dəstəkləyib: “Biz bu layihəni bir milyon avro məbləğində vəsaitlə maliyyələşdiririk. Tibbi üsulla gedə biləcəyimiz bir yol tapmaq istəyirik. Nəticələr 2020-ci ilin sonunda açıqlanacaq”.

Mövzu ilə bağlı “Leqat”dan bildirilib ki, Almaniyaya hər il minlərlə şəxsiyyəti təsdiq edən sənədi olmayan, özünü azyaşlı kimi təqdim edən sığınacaq axtaran miqrant gəlir. Bəzi hallarda isə 18 yaşı tamam olmuş şəxslər özlərini azyaşlı kimi təqdim edir, bu yolla status almağa və ya daha üstün hüquqlar əldə etməyə nail olurlar. Yaşın dəqiqləşdirilməsinin mümkünsüzlüyü bəzən insanların cinayət məsuliyyətindən yayınmasına da səbəb olur.