Fərhad Çağtürk / AzEuroNews.com   Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb. AzEuroNews.com xəbər verir ki, son iki ildə sığınacaq istəyənlərin sayı “Qaçqın böhranı”nın yaşandığı 2015-ci ildən daha əvvəlki illərdəki qədər olub. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) məlumatına görə, 2018-ci ildə 185853 nəfər Almaniyada sığınacaq üçün müraciət edib. Bu bir öncəki ildən 16,5 % azdır.

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı ən çox 2015-ci ildə qeydə alınıb. Belə ki, “Qaçqın böhranı” kimi xarakterizə edilən həmin ildə 890 min nəfər sığınacaq üçün müraciət edib.

2016-ci ildə bu rəqəm 280 min olaraq qeydə alınıb. 2017-ci ildə isə, 222683 nəfər sığınacaq üçün müraciət edib.

“Qaçqın böhranı”ndan əvvəl, 2013-cü ildə 127023 nəfər, 2014-cü ildə 202834 nəfər sığınacaq üçün müraciət edib.