Fərhad Çağtürk / AzEuroNews.com / Köln  “Hər gün onlarla müraciətlər daxil olur. Ölkədən çıxmaq haqqında müraciətlərin əksəriyyəti qadınlardandır və iş tapa bilmədiklərini, arzu etdikləri sahədə işləməyin onlara qanunla qadağan olunduğunu bildirirlər“. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat“ inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda iş barəsində hələ də qadınlara qarşı ayrı-seçkilik hökm sürür: “Həqiqətən də bu sahədə ciddi problemlərin olmasının şahidi oldum. Təəssüf ki, bu gün Azərbaycanda qadınlara yanğınsöndürmə briqalarında, qəssabxanalarda, dalğıc və xilasetmə briqadalarında, hətta taxta üzərində naxış vurma işlərində qanunla qadağan edilir. Beynəlxalq təşkilat qadınlara hətta onların seçdikləri peşə reproduktiv sağlamlıqlarına ziyan vursa belə, seçim hüququnun verilməsini və ayrı-seçkiliyin aradan qaldırılmasını təklif edir. Dəfələrlə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan Əmək Məcəlləsindəki (ƏM) qadın əməyinin qadağan edildiyi peşələr və iş yerləri ilə bağlı maddələri qaldırmağı tələb edib”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 241-ci maddəsi qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərin, o cümlədən, qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanına əsasən həmin icra hakimiyyəti orqanı Nazirlər Kabinetidir. Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 saylı qərarı ilə «Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı» müəyyən edilib:

Əlövsət Əliyev
Əlövsət Əliyev

Həmin qərar Azərbaycan qadınına ümumi sayı 41 sahədə (metal emalı, tikinti, quraşdırma və təmir-tikinti işləri, tikinti materiallarının istehsalı, mədən işləri, geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya işləri, quyuların qazılması, neft və qaz hasilatı, qara metallurgiya, əlvan metallurgiya, elektrik stansiyalarının avadanlıqlarının istismarı, elektrik stansiyalarının və şəbəkələrinin avadanlıqlarının təmiri, abrazivlərin istehsalı, elektrotexnika sahəsi, radiotexnika və elektron sahəsi, uçan aparatların istehsalı və təmir, gəmiqayırma və gəmi təmiri, kimya istehsalatı, rezin emalı, neftin, qazın, şistlərin və kömürün emalı, sintetik neft məhsullarının, neft yağlarının və sürtgü yağlarının emalı, ağac tədarükü işləri, mebel istehsalı ( o cümlədən, mebelin bəzədilməsi ilə məşğul olan oduncaq məmulatlarının naxışlayıcısı), sement istehsalı, daşın emalı və daştökmə məmulatlarının istehsalı, dəmir-beton, beton məmulatları və konstruksiyalarının istehsal, istilik keçirməyən materialların istehsalı, yumşaq dam örtüyünün və hidroizolyasiya materialların istehsalı, süşə və şüşə məmulatlarının istehsalı, toxuculuq və yüngül sənaye, yeyinti sənayesi (əti sümükdən ayıran) dəmiryol nəqliyyatı və metropoliten (yük qatarlarının konduktorları, lokomotiv maşinisti, lokomotiv maşinistinin köməkçisi, motor-vaqon elektrik qatarının maşinisti, motor-vaqon elektrik qatarlarının maşinist köməkçisi, dizel qatarının maşinisti, dizel qatarı maşinistinin köməkçisi), avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, mülki aviasiyanın istismar, təlim-uçuş müəssisələri, rabitə sahəsində, poliqrafiya istehsalı, musiqi alətlərinin istehsalı, kənd təsərrüfatı (tütünün yığılması, daşınması və ilkin emalı ilə məşğul olan fəhlələr), xalq təsərrüfatının bütün sahələri üçün ümumi olan fəhlə peşələri) sayı 500-dən çox olan peşədə işləməyi qadağan edir. Qadınların əmək fəaliyyətinə sözügedən məhdudiyyətlər oxşar formada Rusiya (RF) qanunvericiliyində də mövcuddur. RF Əmək Məcəlləsinin 253-cü maddəsində qadınlara 38 sahədə əməyin 456 növü ilə məşğul olmaq qadağandır. Onların arasında poladəritmə, ağır texnikanın idarə olunması (misal üçün, qartəmizləyən maşını), dalğıclıq, çilingərlik, metro maşinisti və hətta onun köməkçisi, dülgərlik, kimya sənayesi və s. də var. Artıq Rusiyada qadının qadağan etdiyi peşələr üzrə işlərin siyahısının azaldılmasına qərar verilib. Sərt tənqidlərdən sonra Rusiya Federasiyasının Əmək Nazirliyi müvafiq qanun layihəsinin hazırlanmasına start verib. Qadınların işləməsini qadağan edən 456 peşənin sayının 211-ə endirilməsi haqqında qərar verilib. Rusiya qadınları da Azərbaycan xanımlarından fərqli olaraq tezliklə metro və ya yük maşını qatarlarını idarə edə biləcəklər”.

➤ Bəs Almaniyada?

Azərbaycandan fərqli olaraq Almaniyada qadınlar hər sahədə işləyə bilərlər: yanğınsöndürən, qəssab, dalğıc və sair. Yuxarıda qeyd etdildiyi kimi, Azərbaycanda qadınlar üçün bu peşələr qadağan olunmuş hesab edirlir. 

Almaniyada qadınlar üçün qadağan edilmiş bir iş siyahısı yoxdur. Bonnda gender bərabərliyi təşkilatının rəhbəri Brigitte Rubarth bu barədə belə deyir: „Qadınlar istədiyi peşəyə yiyələnə bilər – ən başlıcası, peşəni icra etmək qabliyyətinə sahib olmaqdır. Yalnız hamilə qadınlar zərərli maddələrlə işləyə və ya yük daşımaları ilə məşğul ola bilməzlər”.

Ə.Əliyev deyir ki, qadınlar üçün qadağan olunmuş peşələr siyahısı mənasızdır: “Əvvəla Azərbaycanda həmin qadağan olunmuş sahələrdə əsasən qadınlar çalışır. Buna tütünçülük və pambıqçılıq sahəsində qadağan olunan işləri nümunə göstərmək olar. Boyu 160 sm olan kişi dalğıc və ya yanğınsondürən işlədiyi halda niyə bu işdə qadınlar calışmasın?!”.

Hüquqşünas hesab edirik ki, burada bərabərlik təmin olunmalıdır və seçim hüququnu qadınlara vermək lazımdır. Bunun üçün isə qanunda təcilli dəyişiklik edilməlidir.