Təhlükəsizlik və iqlim Bakının komfort səviyyəsini artırır, səhiyyə və çirklənmə isə həyat keyfiyyətinin qalxmasına mane olur.

Oxu.Az xəbər verir ki, “Numbeo” xidmətinin 226 şəhərdə həyat keyfiyyəti ilə bağlı “Quality of Life İndex 2019” adlı reytinqinin nəticələri bunu deməyə əsas verir.

Yaşayış üçün ən əlverişli və komfortlu şəhər Avstraliyanın Kanberra şəhəri seçilib (224,3). Rahatlıq səviyyəsinə görə ən geridə qalan şəhər isə Venesuelanın paytaxtı Karakas olub (0). (Ötən gün yazdığımız kimi) Bakı reytinqdə 197-ci ildə göstərilib (99,58).

Şəhərlərin müqayisəsi alıcılıq qabiliyyəti (31,58 vahid, bundan sonra göstərilən rəqəmlər Bakıya aiddir – red), təhlükəsizlik (70,56), səhiyyə (36,87), yaşayış xərcləri (yaşayış minimumu, 29,69), vətəndaşların gəlirlərinin ev/mənzil qiymətlərinə nisbəti (18,16), nəqliyyat (38,66), çirklənmə (79,63) və əlverişli iqlim (91,4) kimi faktorların nəzərə alındığı xüsusi formalın köməyi ilə aparılıb.

Qeyd olunan meyarların təhlilindən sonra aydın olur ki, Azərbaycan paytaxtında ən pis nəticələr səhiyyə indeksində özünü büruzə verib. Bu göstəriciyə görə Cənubi Qafqazın ən iri şəhəri ən axırıncı yeri – 226-cı yeri tutub.

İnsanların çoxu hesab edir ki, Bakıda havanın çirklənmə səviyyəsi də kifayət qədər yüksəkdir. Ona görə paytaxtımız bu meyarda 204-cü yeri tutur. Bununla belə, Bakı ən təhlükəsiz şəhərlərin 50-liyinə yol tapa bilib (50-ci yer), üstəlik, əlverişli iqlim baxımından da yüksək göstəriciyə malikdir (52-ci yer).

Qeyd edək ki, həyat səviyyəsi ilə bağlı reytinq Serbiyada qeydiyyatda olan və müxtəlif ölkə və şəhərlərdə yaşayış xərcləri və qiymətlərlə bağlı statistik məlumatlar toplayan “Numbeo” xidməti tərəfindən tərtib olunub.