Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyanın xaricdə yaşayan uşaqlar üçün ödədiyi məbləğ 402 milyon avro olub. AzEuroNews.com xəbər verir ki, bu məbləğ Avropa Birliyinə üzv ölkələrdə və Türkiyədə yaşayan 252 min uşaq üçün ödənilib.

Almaniyadan ən çox uşaq pulu alan ölkə isə, Polşa olub. Belə ki, ana və atadan biri Almaniyada işləyib Polşada yaşayan 123 855 uşaq üçün Almaniya pulu ödəyib. Almaniyanın Polşadan sonra ən çox uşaq pulu ödədiyi ölkələrin siyahısında növbəti yerləri Rumıniya, Çexiya və Fransa qərarlaşıb.

Xaricdə yaşayıb uşaq pulu alan uşaqlardan Almaniya vətəndaşı olanların sayı isə, 32 500 olaraq açıqlanıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl 2012-ci ildə Almaniyanın xaricdə yaşayan uşaqlar üçün ödədiyi məbləğ açıqlanıb. O vaxt Almaniya 75 milyon avro ödəyib.

Almaniyanın Xristian Sosial Birlik (CSU) partiyası uşaq pullarının çox yüksək rəqəmlərə çıxması ilə bağlı əyalət parlementinə bir qanun layihəsi təqdim edib.

Həmin qanun layihəsində Almaniyanın xaricdə yaşayan uşaqlara ödəniş edərkən oradakı yaşayış səviyyəsinin nəzərə alınmasının vacibliyi qeyd edilib.