Elmira Axundova, Həbib Axundov
Elmira Axundova, Həbib Axundov

Fərhad Çağtürk / AzEuroNews.com    Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova daha bir məhkəmə qərarını almağa müvəffəq olub. AzEuroNews.com xəbər verir ki, bu dəfə Bakı Apelyasiya Məhkəməsində hakim Rafael Eyvazov Elmira Axundovanın maraqlarına uyğun qərar verib. Söhbət ondan gedir ki, 2013-cü ildə deputatın, onun oğlu Həbib Axundovun adı qarışan 8 milyon manatlıq dələduzluq olayı meydana çıxıb. Məlum olub ki, deputat yaxın ətrafına, dost-tanışına oğlu Həbib Axundovun yaratdığı biznesə pul yatırmağa çağırıb. Adamlar da deputatın çağırışı ilə Həbib Axundova, Axundovlar tərəfindən şərik kimi təqdim olunan Elnur İbrahimova böyük pullar veriblər. Günlərin birində isə Həbib Axundov pul sahiblərini anasının Şüvəlandakı bağ evinə yığıb və elan edib ki, biznes çöküb.

Həbib Axundov
Həbib Axundov

Sonrakı araşdırmalar isə ortaya qoyub ki, Elmira Axundovanın dediyi biznes ümumiyyətlə olmayıb, sadəcə adamlardan toplanan pulların cüzi hissəsini hər ay onlara qaytarmaqla biznesdən gələn gəlir kimi təqdim ediblər. Vəssəlam! Bu haqda mətbuatda yazılar dərc olunub, Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları paylaşılıb. Həmin günlərdə Həbib Axundov, Elmira Axundova Binəqədi rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmədə qaldırdıqları əsas məsələ dələduzluq işi ilə bağlı özlərinin etirafları yer alan səs yazılarının yayılmasının qarşısını almaqdan ibarət olub. Amma buna nail ola bilməyib. Səs yazıları isə Elmira Axundovanın, oğlu Həbib Axundovun dələduzluq işinə aidiyyatları haqda mətbuatda yayılan məlumatlarla üst-üstə düşür. İş üzrə Binəqədi rayon Məhkəməsində proses 3 ildir davam edib.

Faktiki olaraq isə heç bir araşdırma aparılmayıb. Bu müddətdə Həbib Axundovun, anası Elmira Axundovanın iddialarına və qarşılıqlı iddiaya baxan hakimlər 3 dəfə dəyişib. Hakim Kamran Əsədov işə baxan sonuncu hakim olub. O, Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən dələduzluq işində zərərçəkmiş şəxslərin hər birinin 10 min manat cərimələnməsi, məlumatların təkzib olunmasını, eyni zamanda Həbib Axundovun da 10 min manat cərimələnməsi haqda qərar verib. Qarşılıqlı iddia vermiş tərəf deyir ki, qərar qərəzli və obyektivlikdən çox uzaqdır. İşdəki materiallarla əlaqəsi yoxdur. Sadəcə Elmira Axundovanın maraqlarına cavab verir, Azərbaycan qanunlarından çox uzaq bir qətnamədir. Ona görə də iş üzrə iddiaçılar həmin qanunsuz və əsassız qətnamədən Bakı Apelyasiya Məhkəməsinə şikayət ediblər. Bu məhkəmə instansiyasında 10 dəqiqə davam edən hazırlıq iclasında tərəflər şikayətlərlə tanış olmaq üçün vaxt istəyiblər. Növbəti proses 5 dəqiqə davam edib. Həmin 5 dəqiqəlik prosesdə hakim təklif edib ki, iş üzrə Binəqədi Məhkəməsində cavabdeh və qarşılıqlı iddiaçı olmuş Firuz Haşımovun apelyasiya şikayəti verməsi ilə əlaqədar proses yanvarın 16-na qədər təxirə salınsın. Tərəflər hakimin təklifinə etiraz etməyiblər. Yanvarın 16-da təyin olunmuş proses də 10 dəqəqiqə davam edib.

Fərman Məmmədov
Fərman Məmmədov

Proses başlayan kimi iş üzrə şikayətçilərdən olan Fərman Məmmədova Həbib Axundovun vəkili “Həbib Axundovdan prezidentə niyə şikayət edibsiz” sualını verib. Fərman Məmmədov isə prezidentə şikayət etmək hüququnun hazırkı prosesdə araşdırma predmeti olmadığını diqqətə çatdırıb. Bildirib ki, iş üzrə mübahisələndirilən məqalələrin müəllifi Firuz Haşımovdur. Əlavə edib ki, Haşımov iş üzrə Binəqədi Rayon Məhkəməsinin çıxardığı qətnamədən şikayət verib. Fərman Məmmədov Elmira Axudnovanın, onun oğlu Həbib Axundovun mübahisələndirdiyi məqalələrin onun tərəfindən yazılmadığını, həmin məqalələrdə istinad olunan fikirlərin müəllifi onun olmadığı hakimin diqqətinə çatdırıb. Hakim bunun işə aidiyyatının olmadığını bildirməklə müşavirəyə getdiyini elan edib. 2 dəqiqə sonra geri qayıdaraq iş üzrə qərarı elan edib. Qərarla Binəqədi rayon Məhkəməsinin qeyri-obyektiv, ədalətsiz qətnaməsi qüvvədə saxlanılıb.

Rəfael Eyvazov
Rəfael Eyvazov

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Fərman Məmmədov Bakı Apelyasiya Məhkəməsində şikayətlərinin araşdırılmadığını, heç bir müzakirə aparılmadığını və nəticədə qanunsuz, əsassız qərar verildiyini diqqətə çatdırıb: “Bakı Apelyasiya Məhkəməsində üst-üstə yarım saat proses olmayıb. Biz apelyasiya şikayəti niyə vermişdik? Vermişdik ki, apelyasiya məhkəməsi bizim Binəqədi Məhkəməsində dinlənilməyən izahatlarımızı, dindirilməyən əlavə şahidlərin dindirilməsini, araşdırılmayan sübutların araşdırılmasını, təmin olunmayan vacib vəsatətlərə baxılmasını təmin etsin. Hakim Rəfael Eyvazov mülki prosessual qanunvericiliyin tələblərini çox kobud şəkildə, nümayişkəranə pozdu, heç bir araşdırma aparmadan məhkəməni qanunsuz olaraq yekunlaşdırdı. Və bütün bunlar 10 dəqiqə ərzində baş verdi və bu məhkəmə adlanır. Ən azı bizim izahatlar dinlənməli idi. Əlavə şahidləri dindirib sübutlar araşdırılmalı idi. Bunu Azərbaycanın Mülki Prosesssual Məcəlləsi tələb edir. Hakim Rafael Eyvazov özü ötən prosesi təxirə salmaq üçün təşəbbüs göstərmişdi. Demişdi ki, iş üzrə Firuz Haşımov şikayət təqdim etməlidir. Yanvarın 16-da isə hakim Firuz Haşımovun şikayətinin təqdim olunmasını gözləmədən tələsik qərar verdi”.

F.Məmmədov qanundan kənar qərardan Ali Məhkəməyə şikayət edəcəklərini açıqlayıb. Eyni zamanda Məhkəmə Hüquq Şurasına hakimin qanunsuz hərəkətlərindən şikayət edəcəklərini bildirib.