Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemləri vaxtında aradan qaldırmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir.

Bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, əvvəlcədən görülən tədbirlər nəticəsində müntəzəm sərnişindaşıma və yol hərəkətinin təşkili işində hər hansı bir xoşagəlməz hal müşahidə edilməyib:

“Səhər saatlarında güclü küləyin təsirindən Hüseyn Cavid prospektində avtobus dayanacaq pavilyonu uçub. Pavilyon yararsız hala düşməsinə baxmayaraq xoşbəxtlikdən insanların xəsarət alma halı baş verməyib. Əraziyə göndərilən texniki personalın gördüyü tədbirlər nəticəsində dayanacaq məntəqəsinin ərazisi təmizlənib, pavilyondakı avtobus informasiya və BakıKart ödəmə terminalları götürülüb”.

BNA rəsmisinin sözlərinə görə, müntəzəm marşrut xətləri üzrə avtobuslar müəyyən olunan qrafikə uyğun hərəkət edir, avtobuslararası intervallarda gecikmələr müşahidə edilmir:

“Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gün ərzində nəzarətdə saxlanılır. Bu məqsədlə, Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır. Svetoforların fəaliyyətində problem qeydə alınmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib”.

O eyni zamanda qeyd edib ki, müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib:

“Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub. Bakı Nəqliyyat Agentliyi sürüclərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər. Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.